Reklam resmi
Reklam resmi

Almaniyada 100 min iş yeri yox ola bilər

Almaniyada 100 min iş yeri yox ola bilər
Dünya

Almaniya sənayesində istehsalın xarici ölkələrə köçürülməsi fonunda 2026-cı ilin sonunadək 100 minə qədər iş yerinin ixtisar oluna biləcəyi proqnozlaşdırılır.

Ajans.az xəbər verir ki, bu barədə Handelsblatt qəzeti Horváth konsaltinq şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

Araşdırma çərçivəsində 1000 şirkət arasında sorğu keçirilib. Nəticələrə görə, respondentlərin 60 faizi Almaniyada əlavə iş yerlərinin ixtisarını planlaşdırdıqlarını bildirib. Şirkətlər 2026–2030-cu illəri əhatə edən inkişaf strategiyalarını təqdim ediblər.

Hesabatda qeyd olunur ki, ən böyük ixtisarlar avtomobil sənayesi, maşınqayırma və tikinti sektorlarında gözlənilir. Mütəxəssislər bunu geosiyasi risklərin artması, iqtisadi artım tempinin zəifləməsi və daxili bazarda mövcud problemlərlə əlaqələndirirlər.

Horváth şirkətinin tərəfdaşı Ralf Sauter bildirib ki, Almaniyanın onilliklər ərzində uğur qazanan ixracyönümlü iqtisadi modeli artıq əvvəlki effektivliyini itirir. Onun sözlərinə görə, gələcəkdə istehsal və elmi-tədqiqat fəaliyyətinin daha böyük hissəsi xarici ölkələrə köçürüləcək.

Sorğu iştirakçılarının cəmi 16 faizi Almaniyada yeni iş yerləri yaratmağı planlaşdırdığını bildirib. Əksər şirkətlər isə fəaliyyətlərini Hindistanda genişləndirməyi nəzərdə tutur. Bundan başqa, Çin, Şimali Amerika, Yaxın Şərq, Afrika və digər Asiya ölkələrində də yeni istehsal və iş yerlərinin yaradılması planlaşdırılır.

Digər konsaltinq şirkəti EY-nin hesablamalarına görə, 2026-cı ilin birinci rübünün sonunadək Almaniyanın istehsal sektorunda məşğulluq əvvəlki illə müqayisədə 2,3 faiz azalacaq və təxminən 127 min iş yeri bağlanacaq.

Statistikaya əsasən, 2019-cu ildən bəri Almaniyanın sənaye sektorunda ümumilikdə 341 mindən çox iş yeri ləğv edilib. Ekspertlər hesab edirlər ki, mövcud tendensiya yaxın illərdə də davam edə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya işsizlik

Digər Xəbərlər