Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
Azərbaycanda xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunan və ölkəyə qaytarılması məcburi olan xarici valyuta vəsaitlərinin vaxtında geri gətirilməməsinə görə tətbiq edilən cərimələrin məbləği dəyişdirilir.
Ajans.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarındakı hesablara köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmayan vəzifəli şəxslər həmin məbləğin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər isə 20 faizindən 30 faizinədək məbləğdə cərimə ediləcəklər.
Eyni zamanda, inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan qərar qəbul edənədək sözügedən valyuta vəsaiti ölkəyə qaytarılarsa, barəsində icraat aparılan şəxs inzibati məsuliyyətdən azad olunacaq.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və Azərbaycan banklarının hesablarına köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə həmin vəsaitin dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə tətbiq edilir. Qanunvericiliyə görə, “az miqdar” dedikdə 20 min manatadək olan məbləğ nəzərdə tutulur.