Reklam resmi
Reklam resmi

Milli Məclisdə bu şəxslərin pensiya yaşı MÜZAKİRƏ OLUNDU

Milli Məclisdə bu şəxslərin pensiya yaşı MÜZAKİRƏ OLUNDU
Milli məclis

Azərbaycanın iqtisadiyyatı qiymətləndirilərkən onun daha çox ölkəyə vizasız gedib-gəlməsi ilə də ölçülür. Ona görə mən düşünürəm ki, bu, həm də Azərbaycanın, vətəndaşı olduğumuz şanlı Azərbaycanımızın pasportunun daha yüksək reytinqdə yerləşməsinə gətirib çıxaracaqdır.

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Amma hörmətli xanım sədr, Azərbaycan Prezidentinin tarixi bir çağırışı var. Yaxınlarda Azərbaycan Respublikası Milli Məclisində səsləndirdiyi çıxış zamanı o qeyd etdi ki, bizim ailəmiz Türk dünyasıdır, çünki başqa ailəmiz yoxdur.

Mən düşünürəm ki, Azərbaycan Respublikasının xarici siyasət institutlarının qarşısında duran vəzifələrdən biri də, ilk növbədə, Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, xarici siyasətimizin əsas prioriteti olan türk dövlətləridir. Qardaş Türkmənistanla da bənzər bir anlaşmanın əldə olunmasına cəhd etmək çox yaxşı olar.

Bu günlərdə qardaş Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilirdi və mən iştirak etdikdən sonra bir daha dərk etdim ki, Türkmənistan Xəzərin o tayındakı vətənimizdir. Bu qədər doğmadır.

Məhtimqulu Fəraqi Azərbaycana gəlib, burada sufizmi öyrənib, qayıdaraq böyük türkmən ədəbiyyatının klassik nümunələrini yaradıb. Onun məşhur bir şeiri var:

“Ceyhun ilə Bəhri-Xəzər arası, Əsər çöl üstündə yeri türkmənin. Günsəgülü, qara gözün qarası, Qaradağdan gələr seli türkmənin.”

Doğrudan da, bu gün Türkmənistan şəhərlənir, inkişaf edir və eyni mədəniyyətdən, eyni memarlıq ənənəsindən, ortaq dövlətçilik köklərindən gəldiyimizin ən bariz nümunələri sarı səhra içərisində ağ inci kimi parlayan Aşqabadın küçələrini bəzəyir. Müxtəlif memarlıq nümunələri, Oğuz xanın möhürü olan səkkizguşəli ulduz, Dədə Qorqudun qopuzuna qoyulmuş heykəl bunun göstəricisidir.

Ona görə də məncə hər bir azərbaycanlı üçün Türkmənistana gedib-gəlmək bir arzudur və hər bir türkmən üçün də Azərbaycana gəlib-getmək bir arzudur.

Mədəniyyət günlərində Mədəniyyət Nazirliyinin müxtəlif rəqs və incəsənət kollektivləri iştirak edirdilər. Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini o qədər yüksək səviyyədə təqdim etdilər ki, bu insanda milli qürur hissi yaradırdı. Amma bundan daha çox Türkmənistan auditoriyasının, qardaş türkmənlərin bizim musiqiyə olan rəğbəti, onu sevgi ilə qarşılamaları, səmimiyyətlə və ürəkdən alqışlamaları başqa bir qürur hissi yaradırdı.

Türkmənlərin “Küştdepdi” rəqsi əgər bir sufi ayini idisə, Azərbaycan Milli Xoreoqrafiya Kollektivinin təqdim etdiyi “Qazağı” rəqsi də tam bir döyüş və qələbə nümayişi idi.

Ancaq orada bəlli oldu ki, bizim xoreoqrafların təqaüdə çıxma yaşı 65-dir. Biz bilirik ki, rəqs etmək nə qədər böyük çeviklik və fiziki hazırlıq tələb edir, nə qədər çətin bir peşədir. Elə oradaca kollektivin bəzi üzvləri dedilər ki, biz 40 yaşdan sonra artıq bu qabiliyyətimizi müəyyən qədər itiririk. Çünki mürəkkəb rəqs hərəkətləri, yüksək fiziki yük tələb edən çıxışlar əvvəlki kimi mümkün olmur. Buna görə də 40 yaşdan sonra özümüzə yeni peşə seçməli oluruq.

Mən düşünürəm ki, Sosial siyasət komitəsində də bu məsələ nəzərdən keçirilə bilərdi. Çox hörmətli nazirlərimiz bayaq burada idilər. Bu kateqoriyadan olan insanların əmək pensiyasına çıxma yaşının bir qədər aşağı salınması gələcəkdə nəzərdən keçirilsə, yaxşı olar.

Ona görə də mən bu layihəyə səs verəcəyəm, hörmətli xanım sədr. Düşünürəm ki, qardaş ölkələrlə vizasız gediş-gəliş üçün hüquqi əsasların yaradılması çox vacibdir.(trend)

Digər Xəbərlər