Azərbaycana gətirilən minlərlə siçan-siçovulda HANTAVİRUS TƏHLÜKƏSİ VARMI?
Ötən həftələrdə xəbər verdiyimiz kimi, Bakı Zooloji Parkı üçün heyvan yemləri və qidalarının alınması məqsədilə 348 299,42 manat məbləğində tender elan olunub.
Ajans.az-ın əldə etdiyi məlumata görə, tender şərtlərinə əsasən, zooloji parka diri halda 2 700 ədəd, hər biri 100 qram olan böyük siçan, 2 000 ədəd, hər biri 350-400 qram olan böyük siçovul və 1 500 ədəd, hər biri 20 qram olan birgünlük siçan tədarük ediləcək.
Alınacaq siçan və siçovulların hansı səbəbdən istifadə olunacağını öyrənmək üçün Bakı Zooloji Parkı ilə əlaqə saxlamağa çalışdıq. Lakin suallarımız cavabsız qaldı.
Ajans.az mövzu ilə bağlı aidiyyəti qurumlara yenidən sorğu göndərdik. İlk olaraq Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bizə bildirildi ki, bu məsələnin Səhiyyə Nazirliyinə aidiyyəti yoxdur.
Ardınca Dövlət Baytarlıq Xidmətinin elektron poçt ünvanına ölkəyə gətiriləcək heyvanların sağlamlığının yoxlanılması, siçan və siçovulların xəstə olub-olmaması ilə bağlı hər hansı yoxlamanın aparılıb-aparılmaması, bu tip məsələlərə hansı aidiyyəti qurumun nəzarət etməsi barədə ümumi sorğu göndərdik. Həmçinin əlaqə nömrələrinə də zəng etdik. Lakin heç bir nəticə əldə edə bilmədik.
Daha sonra Dövlət Gömrük Komitəsinə müraciət etdik. Komitədən bizə bildirildi ki, mövzu ilə bağlı AQTA-ya müraciət etməliyik.
Son olaraq AQTA ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, qüvvədə olan qanuunvericilik aktlarının tələblərinə əsasən ölkəyə idxal olunan bütün diri heyvanlar baytarlıq sertifikatı ilə müşayiət olunmalıdır. Heyvanlar idxal edilərkən dövlət sərhədinin buraxılış məntəqələrində sənədlər yoxlanılır və hər hansı uyğunsuzluq aşkar edilmədiyi təqdirdə idxalına icazə verilir. İdxal zamanı heyvanlara ilkin kliniki baxış keçirilir və şübhəli hal aşkar edildiyi təqdirdə qan nümunələri götürülərək laboratoriya sınaqlarına cəlb edilir.
Bundan əlavə, ölkəyə idxal edilən heyvanlar son təyinat yerlərində qanunvericiliyin tələblərinə uyğun şəkildə karantinə alınaraq 1 ay müddətinə təcrid olunmuş şəkildə saxlanılır. Karantin müddətində hər hansı uyğunsuzluq aşkar edilmədiyi təqdirdə onların istifadəsinə icazə verilir.
Qurum bizə bu proseslə bağlı qanunvericilik necə tənzim olunursa o barədə məlumat verdi. Bu prosesdə ölkəyə gətirilən siçan və siçovulların sağlamlığının yoxlanılması və sair kimi mövzu ilə bağlı ünvanladığımız suallara cavab verilməyib.