“Xəyal mühərriki”nin sirri: Alimlər səbəbi açıqladı
Yalnız sizin eşitdiyiniz uğultunun sirri açıldı.
Ajans.az xəbər verir ki, gecənin dərin səssizliyində qəfil eşidilən və boş işləyən avtomobil mühərrikinin səsinə bənzəyən müəmmalı uğultunun sirri nəhayət aydınlaşdırılıb. Norveçli alimlər milyonlarla insanı yuxusuz qoyan və "The Hum" ("Uğultu") kimi tanınan bu fenomenin səbəbini müəyyən ediblər.
Sanki qulağın içindən gələn, görünməz bir mühərrikin səsini xatırladan bu uğultu uzun illərdir insanları narahat edirdi. Xüsusilə gecənin ən sakit vaxtlarında eşidilən bu səs dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla insanın probleminə çevrilmişdi.
Uzaqdan gələn avtomobil mühərrikinin səsinə bənzəyən bu hadisə elmi ədəbiyyatda "The Hum" fenomeni kimi tanınır. Ən maraqlı məqam isə odur ki, eyni otaqda olan digər insanlar bu səsi eşitmirlər. İllər boyu bu hadisə ilə bağlı hərbi tezliklərdən tutmuş ətraf mühit amillərinə qədər müxtəlif fərziyyələr və sui-qəsd nəzəriyyələri irəli sürülüb. Lakin Norveç Elm və Texnologiya Universitetinin professoru Markus Drexl və onun rəhbərlik etdiyi tədqiqat qrupu bu sirrin açılmasına nail olub. Alimlər bu səslərin mənbəyini və həmin anlarda qulaqda baş verən prosesləri araşdıraraq izah ediblər.
Bristoldan Osloya uzanan qlobal uğultu
Bu fenomenlə bağlı ilk rəsmi qeydlər 1970-ci illərin ortalarında İngiltərənin Bristol şəhərində bir qəzetə göndərilən oxucu məktublarında yer alıb. Həmin dövrdə səsin mənbəyi kimi böyük bir mağazanın havalandırma sistemi göstərilsə də, mağaza bağlandıqdan sonra da şikayətlər davam edib. Sonrakı illərdə İngiltərə sahillərindən ABŞ-nin Nyu-Meksiko ştatına, Kanadadan Norveçin paytaxtı Osloya qədər dünyanın müxtəlif bölgələrindən oxşar məlumatlar daxil olub. Aşağı tezlikli səslərin istiqamətini müəyyən etmək çətin olduğundan bu hadisənin səbəbi uzun müddət məlum olmayıb.
Professor Drexl və komandasının PLOS One jurnalında dərc olunan araşdırmasında bu uğultunu eşitdiyini deyən şəxslər laboratoriya şəraitində müayinə olunublar. Mütəxəssislər əvvəlcə daxili qulağın yaratdığı və həssas mikrofonlarla qeydə alına bilən zəif bioloji səsləri araşdırıblar. Lakin nəticələr göstərib ki, uğultudan şikayət edən insanların qulaqlarında belə səslər müşahidə edilmir. İştirakçıların yalnız kiçik bir hissəsində aşağı tezlikli səsləri daha yaxşı eşitmək qabiliyyəti aşkarlansa da, bu fenomeni tam izah etməyib.
Araşdırmalar nəticəsində məlum olub ki, xarici cihazlarla ölçülə bilməyən bu müəmmalı səsin əsas səbəbi aşağı tezlikli xüsusi tinnitus, yəni qulaq küyüdür. Tinnitusdan əziyyət çəkən insanlar ətrafda real səs mənbəyi olmadığı halda müxtəlif səslər eşidirlər. Bu vəziyyətlə qarşılaşan şəxslər isə adətən səsin kənardan — hansısa zavoddan, mühərrikdən və ya başqa bir mənbədən gəldiyini düşünürlər.
Tədqiqatçılar xarici mühitdəki bəzi səs mənbələrinin təsirini tam istisna etməsələr də, "The Hum" fenomenindən şikayət edən insanların əksəriyyətində səbəbin aşağı tezlikli tinnitus olduğunu bildirirlər. Bu vəziyyət ritmik, nəbz kimi döyünən uğultular yaradır. Beləliklə, illərdir insanları narahat edən və mənbəyi bilinməyən həmin "xəyal mühərriki"nin əslində insanın öz eşitmə sistemində yaranan bir səs qavrayışı olduğu elmi şəkildə sübut edilib.