Reklam resmi
Reklam resmi

Benzin böhranı səbəbindən Rusiya Hindistandan yanacaq ALACAQ

Benzin böhranı səbəbindən Rusiya Hindistandan yanacaq ALACAQ
Dünya

Rusiyada dərinləşən yanacaq çatışmazlığı fonunda hakimiyyət orqanları Hindistandan genişmiqyaslı benzin idxalına başlamağı planlaşdırır.

Ajans.az RBC-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər hazırlanıb. Layihə xaricdən benzin idxal edən neft şirkətlərinə dövlət subsidiyalarının verilməsini nəzərdə tutur. Subsidiyalar pərakəndə yanacaq qiymətlərinin sabit saxlanılması üçün tətbiq olunan amortizasiya mexanizmi çərçivəsində ödəniləcək.

Məlumata əsasən, Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrdən, o cümlədən Hindistandan gətiriləcək benzinin subsidiyalaşdırılması Hindistan bazarındakı qiymətlər və nəqliyyat xərcləri nəzərə alınmaqla hesablanacaq. Bildirilir ki, qanun layihəsi artıq Dövlət Dumasının Büdcə və Vergilər Komitəsi tərəfindən dəstəklənib və yaxın günlərdə qəbul oluna bilər.

Ukraynada müharibənin başlanmasından sonra Hindistan Rusiya neftinin əsas alıcılarından birinə çevrilib. Hazırda Hindistan Rusiyadan aldığı xam neftin bir hissəsini emal edərək benzin, dizel və digər neft məhsulları şəklində xarici bazarlara ixrac edir.

Ekspertlərin məlumatına görə, Rusiyada yanacaq böhranının əsas səbəblərindən biri neft emalı zavodlarına edilən çoxsaylı dron hücumlarıdır. 2026-cı ilin may ayında 16, iyun ayında isə ən azı 6 neft emalı müəssisəsinə zərbə endirilib.

Nəticədə ölkədə neft emalının həcmi son 20 ilin ən aşağı səviyyəsinə düşüb, benzin istehsalı isə təxminən 25 faiz azalıb. Reuters-in məlumatına görə, hazırda Rusiyada benzin çatışmazlığı daxili tələbatın təxminən 20 faizini təşkil edir.

Mövcud neft emalı zavodları gündəlik təxminən 85 min ton yanacaq istehsal etdiyi halda, yay mövsümündə ölkənin gündəlik tələbatı 110 min tona çatır. Rusiya artıq Belarusdan da benzin idxal edir, lakin bu həcmlər bazardakı çatışmazlığı aradan qaldırmaq üçün kifayət etmir.

Mütəxəssislər hesab edirlər ki, Hindistandan benzin idxalının başlanması Rusiyada yanacaq bazarındakı gərginliyi qismən azaltmağa kömək edə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Hindistan

Digər Xəbərlər