Türkiyənin Kastamonu vilayətində naməlum pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayaraq yaşayış evinin yaxınlığına düşüb və alovlanıb.
Ajans.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, hadisə Cide rayonunun Kuşkayası kəndində baş verib. PUA kənddəki bir evin yaxınlığında yerləşən fındıq bağına düşüb.
Qəza nəticəsində aparat alovlanıb, onun qalıqları isə ətrafa səpələnib. Yerli sakinlərdən biri güclü partlayış səsi eşitdiyini bildirib. Daha sonra dronun qalıqları evdən təxminən 10 metr aralıda aşkar edilib.
İlkin qiymətləndirmələrə görə, pilotsuz uçuş aparatının çəkisi 200 kiloqramdan çox ola bilər.
Hadisə yerinə gələn jandarma əməkdaşları ərazini mühasirəyə alaraq araşdırmalara başlayıblar. Hazırda PUA-nın mənşəyi və kimə məxsus olduğu müəyyənləşdirilir.
Məlumata görə, Samsun vilayətində də dronun daha bir hissəsi tapılıb. İlkin ehtimallara əsasən, qalıqların Ukraynaya məxsus kamikadze tipli pilotsuz uçuş aparatına aid ola biləcəyi araşdırılır.