Putin Zelenskinin məktubuna CAVAB VERDİ
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenskinin ona ünvanladığı açıq məktubun münaqişənin həlli ilə bağlı danışıqlar üçün ilkin şərtlər yaratmadığını bildirib.
Ajans.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Putin Zelenskinin şəxsi görüş keçirmək təklifini şərh edərkən Ukrayna tərəfinin hərəkətlərinin bu çağırışlarla ziddiyyət təşkil etdiyini deyib.
"O, bu məktubu göndərib və dəfələrlə bildirir ki, şəxsi görüş istəyir. Bəs onda Starobilskdəki təhsil müəssisəsinə endirilən zərbəni necə başa düşmək olar?" – deyə Rusiya prezidenti bildirib.
Putinin sözlərinə görə, bu cür addımlar Ukraynanın danışıqlara həqiqətən maraqlı olması ilə bağlı suallar yaradır və münaqişənin həllinə deyil, gərginliyin artmasına xidmət edir.
Rusiya lideri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi hücumlar Kiyevin bir tərəfdən danışıqlardan danışdığını, digər tərəfdən isə hərbi əməliyyatları davam etdirdiyini göstərir.
Xatırladaq ki, iyunun 4-də Ukrayna Prezidenti Vladimir Zelenski üçüncü ölkənin ərazisində Putinlə görüş keçirməyi və münaqişənin başa çatdırılması yollarını müzakirə etməyi təklif edən açıq məktub yayımlamışdı.
Bundan əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin Zelenskinin müraciətində "kobudluq elementlərinin" olduğunu da bildirmişdi.