NATO Zirvəsi ərəfəsində Ankarada kütləvi aksiyalar qadağan edildi
NATO-nun növbəti zirvə toplantısı ərəfəsində Türkiyənin paytaxtı Ankarada təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib.
Ajans.az xəbər verir ki, iyunun 28-dən iyulun 10-dək Ankarada toplantılar, nümayişlər, mitinqlər, mətbuat açıqlamaları, eləcə də tribunaların və çadırların quraşdırılması qadağan olunacaq. Həmçinin vərəqə və bannerlərin paylanmasına da məhdudiyyət tətbiq ediləcək.
Qərara əsasən, səlahiyyətli qurumların xüsusi icazəsi olmadan pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə də qadağan edilib.
Ankara Valiliyinin açıqlamasında bildirilir ki, zirvə ilə əlaqədar nümayəndə heyətlərinin yerləşdiriləcəyi məkanlarda, tədbirlərin keçiriləcəyi ərazilərdə və onların hərəkət marşrutları boyunca təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılacaq.
Bundan əlavə, xüsusi mühafizə zonasına daxil edilən ərazilərə icazəsiz girişə də yol verilməyəcək.
Qeyd edək ki, NATO-nun qarşıdan gələn zirvə toplantısı ilə əlaqədar Türkiyə hakimiyyəti paytaxtda ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir.