Boksçu tanımadığı şəxsi vəhşicəsinə DÖYDÜ
Rusiyada, Sankt-Peterburqun Kirovski Rayon Məhkəməsi tanımadığı şəxsə ağır bədən xəsarətləri yetirərək onun ölümünə səbəb olmaqda təqsirləndirilən boksçu barəsində hökm çıxarıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabrın 5-nə keçən gecə Marşal Kazakov küçəsində yerləşən yaşayış binasının girişində baş verib.
İstintaq materiallarına əsasən, boks əlcəkləri geyinmiş təqsirləndirilən şəxs tanımadığı kişiyə hücum edərək onun baş və bədən nahiyəsinə çoxsaylı zərbələr endirib. Zərbələrin təsirindən zərərçəkən liftin içərisində və pilləkənlərdə yıxılıb, müxtəlif səthlərə çırpılıb.
Bildirilib ki, hücum edən şəxs daha sonra yaralını girişdən çölə çıxararaq asfalt örtüyünün üzərinə sürüyüb.
Zərərçəkən ağır kəllə-beyin travması, qabırğa sınıqları və digər ciddi xəsarətlər alıb. O, hadisədən iki gün sonra xəstəxanada vəfat edib.
Məhkəmə təqsirləndirilən şəxsi təqsirli bilərək onu 5 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edib. Bundan əlavə, məhkəmə zərərçəkmiş tərəfin 1 milyon rubl məbləğində mülki iddiasını da təmin edib.
Hadisə ilə bağlı digər hüquqi prosedurların davam etdiyi bildirilir.