Ana qızını meymuna DƏYİŞDİ
ABŞ-nin Missuri ştatında yaşayan 70 yaşlı Brenda Deutsch qəyyumluğunda olan azyaşlı qızı qanunsuz şəkildə başqa şəxslərə verməkdə və onu meymuna dəyişdirməkdə ittiham olunaraq həbs edilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, illər ərzində 200-dən çox uşağın qayğısına qalan qadın qəyyumluğunda olan qızı aidiyyəti qurumlara məlumat vermədən Texasa göndərib. Uşağın itkin düşməsi məktəb rəhbərliyinin onun uzun müddət dərslərə qatılmamasından narahat olmasından sonra üzə çıxıb.
İstintaq zamanı məlum olub ki, yeniyetmə bir neçə dəfə müxtəlif şəxslərə verilib və sonda yaşayış şəraiti qənaətbəxş olmayan bir ailənin yanında qalıb. Bildirilir ki, o, əsasən əlilliyi olan böyüklərə qulluq etməyə məcbur edilib və tez-tez nəzarətsiz vəziyyətdə saxlanılıb.
Araşdırma çərçivəsində zorakılıq iddiaları da ortaya çıxıb. Yeniyetmənin ifadəsinə görə, o, uzun illər ərzində qəyyum anası tərəfindən döyülüb, təhqir olunub və hədələnib.
İstintaq materiallarında yer alan məlumata əsasən, şahidlərdən biri Brenda Deutsch-in qızı meymuna dəyişdirdiyini iddia edib. Prokurorluq nümayəndələri qeyd ediblər ki, qadınla bağlı illərdir müxtəlif şikayətlər daxil olsa da, indiyədək ona qarşı cinayət işi açılmayıb.
Brenda Deutsch hazırda bir neçə ittiham üzrə istintaq altındadır və təqsiri sübuta yetirilərsə, yeddi ilədək azadlıqdan məhrum edilə bilər. Hökmün 2026-cı ilin iyul ayında elan olunacağı gözlənilir.
Qadın eyni zamanda maliyyə fırıldaqçılığı ilə bağlı başqa bir iş üzrə də şübhəli şəxs qismində araşdırılır.