Bu ölkənin sabiq Prezidentinə NÖVBƏTİ ZƏRBƏ
Braziliya Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonaronun oğlu Eduardo Bolsonaro barədə qiyabi hökm çıxarıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Eduardo Bolsonaronu atasına qarşı aparılan məhkəmə prosesinə mane olmağa cəhd göstərməkdə təqsirli bilərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
İstintaq materiallarına əsasən, Eduardo Bolsonaro bir ildən artıqdır ABŞ-da yaşayır və bu müddət ərzində atasının 2022-ci ildə dövlət çevrilişinə cəhd işi üzrə məhkəməsinin dayandırılması üçün fəaliyyət göstərib. Bildirilir ki, o, ABŞ administrasiyasına Braziliya Ali Məhkəməsinin hakimlərinə və prezident Luiz İnasio Lula da Silva hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiqi məqsədilə təzyiq göstərməyə çalışıb.
Məlumata görə, ABŞ tərəfindən bəzi sanksiyalar tətbiq olunsa da, bu, məhkəmə prosesinin gedişinə təsir etməyib. Nəticədə Jair Bolsonaro dövlət çevrilişi hazırlamaqda təqsirli bilinərək 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hazırda ABŞ-da yaşayan Eduardo Bolsonaro məhkəmə iclaslarında iştirak etməyib. Ona vəkil təyin olunmadığı üçün prosesdə dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən təmsil olunub. Müdafiə tərəfi onun günahsız olduğunu bildirərək, ittihamların kifayət qədər sübutlarla təsdiqlənmədiyini və işə xitam verilməsini tələb edib.
Məhkəmənin qərarına əsasən, Eduardo Bolsonaro həbs cəzası ilə yanaşı, müəyyən müddət ərzində dövlət və seçkili vəzifələr tutmaq hüququndan da məhrum edilib.