İtkin düşən qadının meyiti divanın içindən tapıldı
Dünya
Moskvada bir həftədən artıqdır axtarılan 33 yaşlı Qırğızıstan vətəndaşının meyiti yaşayış binasındakı mənzildən aşkarlanıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, qadının cəsədi paytaxtın cənub-şərqində, Lyublinskaya küçəsində yerləşən mənzildə divanın saxlanc hissəsində tapılıb. Meyit plastik torbalara bükülərək yapışqan lentlə sarınıb və gizlədilib.
Məlumata əsasən, dəhşətli hadisə mayın 19-na keçən gecə üzə çıxıb. Həlak olan şəxsin 33 yaşlı Aygerim olduğu müəyyən edilib. O, daha iki Qırğızıstan vətəndaşı ilə birlikdə kirayə götürülmüş ikiotaqlı mənzildə yaşayırdı. Bildirilir ki, mənzil sakinləri arasında yaxın münasibət olmayıb.
Aygerimlə əlaqə kəsildikdən sonra yaxınları onun axtarışına başlayıblar. O, sonuncu dəfə mayın 8-də axşam saatlarında Maryino metro stansiyası yaxınlığında görülüb. Təxminən bir saat sonra müşahidə kameraları onun yaşadığı binaya daxil olduğunu qeydə alıb. Bundan sonra qadından heç bir xəbər alınmayıb.
Mayın 12-də itkin düşən qadının bacısı mənzilə baş çəksə də, evdə olan sakinlərdən biri ilə danışdıqdan sonra şübhəli heç nə aşkar etməyərək oranı tərk edib. Lakin mayın 18-də qohumlar yenidən mənzilə qayıdaraq daha ətraflı axtarış aparıblar və cəsədi otaqlardan birindəki divanın içində aşkar ediblər.
İlkin ekspertiza nəticələrinə görə, qadının boyun nahiyəsində kəsici-deşici alətlə yetirilmiş yara, əllərində isə müdafiə xarakterli xəsarətlər aşkarlanıb. Bu isə onun hücum zamanı müqavimət göstərməyə çalışdığını ehtimal etməyə əsas verir.
Hadisə yerinə polis və istintaq əməkdaşları cəlb olunub. Mənzildə yaşayan şəxslərdən biri saxlanılıb. Digər şübhəli şəxs – 30 yaşlı Qırğızıstan vətəndaşının isə mayın 11-12-də mənzili tərk etdiyi və ilkin məlumata görə Qazaxıstana getdiyi bildirilir.
Aparılan axtarış zamanı mənzildən üç bıçaq götürülüb. Onlardan ikisinin üzərində qan izləri aşkar edilib. Bundan başqa, yataq dəstləri, yapışqan lentlər, qayçı və meyitin büküldüyü plastik örtük də maddi sübut kimi müsadirə olunub.
Məlumata görə, Aygerim xəstəxanalardan birində təmizlikçi işləyirdi. Cinayətin baş verdiyi ehtimal olunan mənzil kirayə əsasında istifadə olunub.
Moskva şəhəri üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açıldığını açıqlayıb. Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.