Ajans.az xarici mediaya istinadən xəbər verir ki, M.M. adlı şəxs ən azı dörd nəfərdən ibarət qrupun tərkibində Baş nazirə qarşı cinayət planının hazırlanmasında iştirak etməkdə şübhəli bilinir.
İstintaq materiallarında qeyd olunur ki, qrup üzvləri xüsusi geyim və maskalar əldə edib, Paşinyanın olduğu məkanlar və seçki kampaniyası çərçivəsində hərəkət marşrutları barədə məlumat toplayıblar. Bundan əlavə, onların internet platformalarından birində yayımlanan videoya qanunsuz müdaxilə etdikləri və sonradan seçki kampaniyasına mane olmaq məqsədilə material yaydıqları iddia olunur.
M.M.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb. Onun saxlanılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi daha əvvəl Baş nazirə qarşı təhdid və təhqirlərin yer aldığı videomaterialla bağlı cinayət işi başladığını açıqlamışdı. İstintaq çərçivəsində bir qrup şəxs tərəfindən qətlin planlaşdırılması, kompüter təxribatı, eləcə də odlu silah və sursatın qanunsuz dövriyyəsi faktları araşdırılır.
Xatırladaq ki, mayın 18-də internetdə yayılan videoda silahlı və maskalı şəxslərdən ibarət qrup Baş nazir Nikol Paşinyanı hədələyərək onun ünvanına təhqiramiz ifadələr səsləndirmişdi.