Tanınmış televiziya ulduzuna ağır ittiham: Uşağımı ona görə İTİRDİM
Amerikalı televiziya ulduzu və iş xanımı Kayli Cennerin keçmiş şəxsi aşpazı ona qarşı məhkəmə iddiası qaldırıb. İddiaçı ağır iş qrafiki və fiziki yüklənmənin hamiləliyini itirməsinə səbəb olduğunu bildirir.
Ajans.az Los Angeles Times qəzetinə istinadən xəbər verir ki, adı açıqlanmayan qadın həftənin beş günü gündə 11–12 saat işləyib. O, yüksək riskli hamiləliyi barədə rəhbərliyə əvvəlcədən məlumat versə də, ağır fiziki işlər görməyə məcbur edildiyini iddia edir.
Məhkəmə sənədlərinə əsasən, qadın 2024-cü ilin noyabrında Kayli Cenner üçün işləməyə başlayıb. Bir ay sonra o, rəhbərliyə üç aylıq hamilə olduğunu və sağlamlığını qorumaq üçün iş şəraitinin yüngülləşdirilməsinə ehtiyac duyduğunu bildirib.
Lakin iddiaçıya görə, bu müraciət nəzərə alınmayıb. 2024-cü il dekabrın 31-də ona kömək olmadan ağır ərzaq qutularını daşımaq tapşırılıb. Nəticədə qadının halı pisləşib, başgicəllənməsi və nəfəs darlığı yaranıb. Təhlükəsizlik əməkdaşları ona ilkin tibbi yardım göstəriblər.
Daha sonra Palm Springsdə keçirilən uşaq tədbiri zamanı da qadının iş yükünün azaldılmadığı bildirilir. İddiaya əsasən, həddindən artıq fiziki və emosional gərginlikdən sonra ertəsi gün onda güclü qanaxma başlayıb. Xəstəxanada aparılan müayinə zamanı həkimlər dölün ürək döyüntüsünün olmadığını müəyyən ediblər.
Qadın həmçinin düşükdən sonra rəhbərlik tərəfindən psixoloji təzyiqə məruz qaldığını iddia edir. Onun sözlərinə görə, menecerlərdən biri ona "Sən Kaylini əsəbiləşdirirsən. Onu depressiyaya salırsan" deyərək sözünü kəsib.
Hazırda keçmiş aşpaz məhkəmə qaydasında maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Kayli Cenner və ya onun nümayəndələri səsləndirilən ittihamlarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.