ABŞ polisi tanınmış aktyorlarlı məhkəməyə verib
Mayami polisinin iki əməkdaşı Ben Afflek və Matt Deymonu Netflix-də yayımlanan “The Rip” filmi ilə bağlı məhkəməyə verib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, iddiaçılar filmin və onun reklam kampaniyasının onların nüfuzuna zərər vurduğunu bildirirlər. Onlar iddia edirlər ki, filmdə göstərilən personajlar adları çəkilməsə də, real həyatda onların fəaliyyətinə çox bənzəyir və izləyicilər bunu həqiqi hadisələrlə əlaqələndirir.
Şikayətdə qeyd olunur ki, ekran əsərində hüquq-mühafizə orqanlarının fəaliyyəti “korrupsiya və etik pozuntularla” əlaqələndirilərək təqdim edilib. Zabitlərin sözlərinə görə, bu, ictimaiyyət arasında yanlış təsəvvür yaradıb.
Onlar həmçinin bildiriblər ki, film 2016-cı ildə baş vermiş və 21 milyon dollardan çox vəsaitin müsadirəsi ilə bağlı real əməliyyatdan ilhamlansa da, süjetin böyük hissəsi uydurmadır və ciddi şəkildə dramatikləşdirilib.
İddiaçılar filmin nümayişindən əvvəl istehsalçılara xəbərdarlıq etdiklərini, lakin bunun nəzərə alınmadığını da qeyd ediblər.