DÇ-2026-da məğlubiyyətdən sonra bu millinin məşqçisi İSTEFA VERDİ
Argentinalı mütəxəssis Sebastian Bekkaseze Ekvador milli komandasının baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb.
Ajans.az xəbər verir ki, məşqçi bu barədə Cancha Ecuador nəşrinə danışıb.
Ekvador yığması 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Meksikaya 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Bekkaseze bildirib ki, onun milli komanda ilə müqaviləsinin müddəti turnirin başa çatması ilə yekunlaşıb.
"Müqaviləmiz turnirin sonu ilə başa çatdı. Dünya çempionatlarında Ekvador millisinin ən yaxşı nəticəsini əldə edə bilmədik. Belə güclü komanda ilə buna nail ola bilməməyim məni çox məyus edir. İndi isə bu gözəl ailə ilə vidalaşıram", – deyə o bildirib.
45 yaşlı mütəxəssis Ekvador millisini 2024-cü ildən çalışdırırdı. Komanda dünya çempionatının qrup mərhələsində dörd xal toplayaraq üçüncü yeri tutmuşdu. Ekvador yığması Kot-d'İvuara 0:1 hesabı ilə uduzub, Kyurasao ilə qolsuz heç-heçə edib və Almaniyanı 2:1 hesabı ilə məğlub etmişdi.
Sebastian Bekkaseze daha əvvəl Argentinanın Defensa y Justicia, İndependiente və Racing, həmçinin İspaniyanın Elçe klublarını çalışdırıb.