Braziliya Venesuelanın bərpasına kömək edəcək
Braziliya hakimiyyəti zəlzələdən zərər çəkmiş Venesuela şəhərlərinin və infrastrukturunun bərpasında iştirak etməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə Brasil 247 portalı məlumat yayıb.
Məlumata görə, Braziliyanın müdafiə naziri Xose Musio Monteyro Karakasa səfəri zamanı bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün iki ölkə arasında uzunmüddətli əməkdaşlığın gücləndirilməsi vacibdir.
"Başqa hansı istiqamətlərdə kömək edə biləcəyimizi araşdıracağıq. Bundan sonra Braziliya və Venesuela birgə fəaliyyət göstərəcək", – nazir Venesuela rəsmiləri ilə görüşdən sonra deyib.
Xose Musio Monteyro əlavə edib ki, Braziliyanın maliyyə qurumlarının nümayəndələri də Venesuelaya səfər edərək uzunmüddətli perspektivdə həyata keçirilə biləcək layihələri qiymətləndirirlər.
Portalın məlumatına görə, Braziliya Venesuya şəhərlərinin bərpası ilə bağlı planların hazırlanması zamanı 2023-cü ildə Rio-Qrande-du-Sul ştatında baş vermiş dağıdıcı daşqınların nəticələrinin aradan qaldırılması təcrübəsindən istifadə etməyi nəzərdə tutur.
Bundan əlavə, Braziliyanın maliyyə qurumları Venesuela infrastrukturunun bərpasında iştirak perspektivini müsbət qiymətləndirirlər. Buna səbəb ölkənin keçmiş prezidenti Uqo Çavesin hakimiyyəti dövründə (1999–2013) Venesuelada həyata keçirilmiş uğurlu mənzil tikintisi layihələrində Braziliyanın qazandığı təcrübədir.