Bu gecə Dünya çempionatında HƏLLEDİCİDİR
Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulur.
Ajans.az xəbər verir ki, qrup mərhələsinin sonuncu oyunlarında da azarkeşləri bir-birindən maraqlı qarşılaşmalar gözləyir.
L qrupunun son matçlarında Panama İngiltərəyə qarşı mübarizə aparacaq, Xorvatiya isə Qana ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki həlledici görüşün start fiti iyunun 28-nə keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da səslənəcək.
İki turun nəticələrinə əsasən, L qrupunda İngiltərə və Qana milliləri hərəyə 4 xal toplayaraq ilk iki pilləni bölüşürlər. Xorvatiya 3 xalla üçüncü yerdə qərarlaşıb, hələlik xalı olmayan Panama isə sonuncudur.
K qrupunun oyunlarında Kolumbiya Portuqaliyanı, Konqo Demokratik Respublikası isə Özbəkistanı sınağa çəkəcək. Bu qrupdakı hər iki qarşılaşma iyunun 28-i, Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.
Hazırda K qrupunda turnir cədvəli belə formalaşıb: 6 xala malik Kolumbiya millisi liderliyini qoruyur, aktivində 4 xal olan Portuqaliya isə onu izləyir. Konqo Demokratik Respublikası 1 xalla üçüncü pillədədir, geridə qalan turlarda xal qazana bilməyən Özbəkistan isə cədvəli qapayır.
J qrupunda isə iyunun 28-i səhər saat 06:00-da yaşıl meydanda əsl xal savaşı yaşanacaq. Bu qrupda Əlcəzair Avstriya ilə, İordaniya isə Argentina ilə gücünü sınayacaq.
J qrupunun cədvəlinə nəzər saldıqda, Argentinanın 6 xalla vahid lider olduğunu görürük. Avstriya və Əlcəzair hərəyə 3 xal toplayaraq müvafiq olaraq ikinci və üçüncü yerləri zəbt ediblər. Qrupun autsayderi olan İordaniya yığmasının isə hələlik aktivində xal yoxdur
Dünya çempionatı
III tur
28 iyun
L qrupu
01:00. Panama - İngiltərə;
01:00. Xorvatiya - Qana.
28 iyun
K qrupu
03:30. Kolumbiya - Portuqaliya;
03:30. Konqo Demokratik Respublikası - Özbəkistan.
J qrupu
28 iyun
06:00. Əlcəzair - Avstriya;
06:00. İordaniya - Argentina.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.