Bu xidmətə görə 500-dən çox əməkdaş CƏZALANDIRILIB
Hərbi xidmətdən yayınan şəxslərlə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər açıqlanıb.
Ajans.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, xidmətdə şəffaflığın artırılması, korrupsiya üçün şərait yaradan halların aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.
General bildirib ki, son üç ildə 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 100-dən çox fakt üzrə materiallar isə prosessual qərar qəbul olunması üçün prokurorluq orqanlarına göndərilib.
Mürsəl İbrahimov həm əməkdaşları neqativ hallardan çəkinməyə çağırıb, həm də vurğulayıb ki, korrupsiya hallarında yalnız bir tərəf məsuliyyət daşımır.
O, vətəndaşları və media nümayəndələrini xidmətlə bağlı məlumatları obyektiv şəkildə ictimailəşdirməyə çağıraraq bildirib ki, daxil olan hər bir məlumat araşdırılır və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul edilir.