Reklam resmi
Reklam resmi

Müharibə GENİŞLƏNİR? - Yeni CƏBHƏ AÇILIR

Müharibə GENİŞLƏNİR? - Yeni CƏBHƏ AÇILIR
Dünya, Siyasət
772

Rusiya ilə NATO arasında artan gərginlik və Ukrayna müharibəsinin genişlənməsi ehtimalı yenidən gündəmdədir.

Politoloq Elçin Xalidbəyli Ajans.az-a bildirib ki, bu proseslər Cənubi Qafqaza da birbaşa və dolayı təsir göstərə bilər.  

Rusiyanın Şərqi Avropa və Baltikyanı ölkələrə qarşı müəyyən təxribat fəaliyyətinin olduğunu vurğulayan politoloq bildirib ki, bu barədə Qərb kəşfiyyat xidmətləri dəfələrlə məlumat yayıb və Kreml də bunu ciddi şəkildə təkzib etmir: 

“Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları da bu reallığın dolayısı ilə etirafı kimi qiymətləndirilə bilər. Putin bildirib ki, Baltikyanı ölkələrə yaxınlaşan dronlarla bağlı Qərb dərhal onların Ukraynaya məxsus olduğunu açıqlayır. Bunun əsas səbəbi isə Rusiyanın hərbi təxribatlarını açıq etiraf etməyərək, Moskva ilə NATO arasında birbaşa hərbi qarşıdurmanın yaranmasının qarşısını almaq istəyidir. Qərb Ukraynaya dəstək versə də, Rusiyaya birbaşa zərbə endirməkdən çəkinir. Çünki bunun ağır nəticələr doğuracağını anlayır.” 

Politoloq hesab edir ki, artıq Rusiya ilə Qərb arasında hərbi toqquşma riski əvvəlki dövrlərlə müqayisədə daha real görünür: 

“Baltikyanı və Şərqi Avropa ölkələrinə qarşı Rusiyanın istənilən vaxt hərbi təxribatlara əl atması mümkündür. Əslində hibrid savaş modeli artıq işlək vəziyyətdədir. Bundan əvvəl Rumıniya və digər Şərqi Avropa ölkələrində, eləcə də Qara dəniz hövzəsində buna bənzər hadisələr yaşanıb. Bütün bunlar NATO ilə Rusiya arasında hərbi qarşıdurma təhlükəsinin kifayət qədər real olduğunu göstərir. Son dövrdə həm NATO, həm də Rusiya rəsmilərinin açıqlamaları tərəflərin mümkün qarşıdurmaya psixoloji və hərbi hazırlıq mərhələsinə keçdiyini göstərir. Rusiya siyasi dairələri NATO-nun 2030-cu ildə Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edir və Kremlin də buna hazır olmalı olduğunu bildirirlər. Digər tərəfdən Almaniyanın müdafiə naziri də ölkəsinin Rusiya ilə mümkün müharibəyə hər an hazır olmalı olduğunu bəyan edib. Bu açıqlamalar hadisələrin təhlükəli istiqamətdə inkişaf etdiyini göstərir.” 

E.Xalidbəyli vurğulayıb ki, fikrincə, bu proseslər Cənubi Qafqaz üçün də ciddi risklər yaradır: 

“ABŞ və Qərb Cənubi Qafqazda Rusiya ilə ciddi rəqabət aparır. Kreml region üzərində nəzarəti itirmək istəmir və Qərbin təsir imkanlarının genişlənməsinə mane olmağa çalışır. Bu səbəbdən Ukrayna müharibəsi və Rusiya-Qərb qarşıdurması regiona birbaşa və ya dolayı təsir göstərə bilər. Ən təhlükəli ssenarilərdən biri də Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsi ehtimalıdır. Məlumatlara görə, Kreml Belarusa Ukrayna ilə müharibəyə qoşulması üçün təzyiq göstərir. Bu baş verərsə, müharibənin əhatə dairəsi genişlənəcək. Sonrakı mərhələdə Baltikyanı və Şərqi Avropa ölkələrinin də prosesə cəlb olunması ehtimalı yaranarsa, münaqişənin miqyası daha da böyüyə bilər.”

Mələksəda Ziyad

Mövzular:
Rusiya NATO müharibə

Digər Xəbərlər