Macarıstanda ŞOK OLAY: Keçmiş xəstəxana işçisi insan qalıqlarını YEYİB
Macarıstanda keçmiş xəstəxana əməkdaşı insan qalıqlarını qanunsuz əldə etmək və saxlamaqda şübhəli bilinərək saxlanılıb.
Ajans.az xarici mediaya istinadən xəbr verir ki, Budapeştdə yaşayan 30 yaşlı kişi Milli İstintaq Bürosu tərəfindən insan qalıqlarının qanunsuz istifadəsi ilə bağlı istintaq çərçivəsində həbs edilib.
Axtarış zamanı onun mənzilində müxtəlif insan bədən hissələri, o cümlədən üz dərisi, aşağı ətraf hissəsi, beyin, əl, kəllə, bankada saxlanılan ürək və çamadana yığılmış sümüklər aşkarlanıb. Məhkəmə-tibbi ekspertləri bankada tapılan ürəyin insana, yoxsa heyvana aid olduğunu müəyyənləşdirmək üçün araşdırmalar aparırlar.
İstintaqın məlumatına görə, şübhəli dindirmə zamanı insan bədən hissələrinə xüsusi maraq göstərdiyini etiraf edib. O, həmçinin bəzi insan qalıqlarını bişirərək yediyini iddia edib.
Müstəntiqlər hesab edirlər ki, o, insan qalıqlarının bir hissəsini işlədiyi tibb müəssisəsindən, digər hissəsini isə Macarıstan və Slovakiyadakı tərk edilmiş qəbiristanlıqlardan əldə edib. Hazırda qalıqların mənşəyi və kimlərə aid olduğu araşdırılır.
Polisin məlumatına görə, şübhəli bu qeyri-adi "kolleksiyası" barədə yaxınlarına da danışıb, həmçinin topladığı sümüklərin şəkillərini çəkərək saxlayıb.
İstintaq çərçivəsində onun kompüteri, noutbukları, planşetləri, mobil telefonları, SIM kartları və digər elektron daşıyıcıları da müsadirə edilib.
Hüquq-mühafizə orqanları bildiriblər ki, araşdırmalar davam edir və yeni faktlar ortaya çıxacağı təqdirdə şübhəliyə qarşı irəli sürülən ittihamların dairəsi genişləndirilə bilər.