Azərbaycanda hotellərlə bağlı YENİLİK- QAYDALAR DƏYİŞİR
Azərbaycanda mehmanxanaların (hotellərin) 1 ulduzdan 5 ulduzadək kateqoriyalar üzrə qiymətləndirilməsi üçün yeni meyarlar təsdiqlənib.
Ajans.az xəbər verir ki, yeni qaydalara əsasən
mehmanxanaların ulduz dərəcəsi məcburi tələblərə uyğunluq və minimal bal həddinin toplanması əsasında müəyyən ediləcək.Yeni meyarlara görə, 1 ulduzlu mehmanxana üçün 53
məcburi meyar və minimum 95 bal, 2 ulduz üçün 56 məcburi
meyar və 180 bal, 3 ulduz üçün 77 məcburi meyar və 270
bal, 4 ulduz üçün 96 məcburi meyar və 410 bal, 5
ulduz üçün isə 119 məcburi meyar və minimum 610 bal tələb
olunacaq. Bundan əlavə, hər kateqoriya üzrə “superior” (üstünlük dərəcəsi)
almaq üçün ayrıca bal hədləri müəyyən edilib.
Meyarlara əsasən, mehmanxana statusu almaq üçün obyektin ən
azı 11 nömrə fonduna, qəbul-qeydiyyat bölməsinə, sanitar qovşaqlı otaqlara
malik olması və qonaqlara gündə ən azı bir dəfə qidalanma xidməti göstərməsi
tələb edilir.
Qiymətləndirmə zamanı təmizlik və gigiyena, işçi heyətinin
peşəkarlığı, xarici dil bilikləri, əlilliyi olan şəxslər üçün əlçatanlıq, qəbul-qeydiyyat
xidmətləri, otaqların sahəsi və avadanlığı, internet, təhlükəsizlik, qidalanma,
konfrans və istirahət imkanları, spa və idman xidmətləri, keyfiyyətin idarə
olunması, rəqəmsal xidmətlər və dayanıqlılıq göstəriciləri də nəzərə alınacaq.
Yeni tələblərə əsasən, mehmanxanalar yalnız müvafiq ulduz
kateqoriyası üzrə bütün məcburi meyarlara cavab verdikdə və müəyyən
edilmiş minimal balı topladıqda həmin kateqoriyaya uyğun hesab ediləcəklər.
Eyni ad altında müxtəlif ünvanlarda fəaliyyət göstərən mehmanxanaların hər biri
ayrıca qiymətləndiriləcək.