Fransada anomal istilər nüvə elektrik stansiyasının fəaliyyətini DAYANDIRDI
Fransanın cənub-qərbində yerləşən "Golfeche" nüvə elektrik stansiyası anomal istilər səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
Ajans.az "Sud-Ouest" qəzetinə istinadən xəbər verir ki, yüksək temperatur reaktorların soyudulmasında istifadə olunan Qaron çayında suyun həddindən artıq isinməsinə səbəb olub. Nəticədə stansiyanın fəaliyyəti ilə bağlı ekoloji məhdudiyyətlər tətbiq edilib.
Məlumata əsasən, stansiyanın iki reaktorundan biri artıq planlı təmirdə olub. İyunun 22-dən 23-nə keçən gecə isə ikinci reaktor da dayandırılıb və bununla da nüvə elektrik stansiyasının fəaliyyəti tamamilə dayandırılıb.
Qeyd edək ki, Fransada hazırda güclü istilər müşahidə olunur. Ölkənin rekord sayda – 54 departamentində ən yüksək səviyyəli istilik xəbərdarlığı elan edilib. Bu, Fransa ərazisinin yarıdan çoxunu əhatə edir.
Mütəxəssislərin proqnozuna görə, "Golfeche" stansiyasının yerləşdiyi Qaron çayında suyun temperaturu 28 dərəcə Selsiyə çata bilər. Bu göstərici ekoloji normalarla müəyyən edilmiş maksimal hədd hesab olunur.
Fransada nüvə elektrik stansiyaları həddindən artıq istilər zamanı çay sularının daha da qızmasının qarşısını almaq və yerli ekosistemi qorumaq məqsədilə elektrik enerjisi istehsalını azaltmağa və ya tam dayandırmağa məcbur olurlar.
EDF şirkəti bildirib ki, hava şəraiti dəyişməz qalarsa, ölkənin digər nüvə elektrik stansiyalarında da istehsalın azaldılması ilə bağlı qərarlar qəbul edilə bilər.