Razılaşmaya əməl etməsələr, yenidən zərbələr endirəcəyik!- TRAMP
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın şərtlərinə əməl olunmaması halında Tehrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyini bildirib.
Ajans.az xəbər verir ki, Tramp bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi ikitərəfli görüş zamanı danışıb.
ABŞ liderinin sözlərinə görə, əldə olunacaq sənəd tamhüquqlu saziş deyil, qarşılıqlı öhdəlikləri müəyyən edən memorandum xarakteri daşıyır.
“Bu, bir anlaşma memorandumudur. Əgər xoşuma gəlməsə, əgər onlar düzgün davranmasalar, biz yenidən onların üzərinə bombalar yağdıracağıq”, – deyə Tramp bildirib.
Onun açıqlaması Vaşinqton və Tehran arasında münasibətlərin gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edib. Trampın sərt bəyanatı beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib və regionda gərginliyin yenidən arta biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.
İran tərəfi isə hələlik ABŞ prezidentinin bu açıqlamasına rəsmi münasibət bildirməyib.