Azərbaycanın tranzit gücü və iqtisadi hədəfləri
Bakıda keçirilən İslam İnkişaf Bankının 14-cü Özəl Sektor Forumunda Azərbaycanın regional iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri və enerji layihələrində artan rolu diqqət mərkəzində olub.
Ajans.az xəbər verir ki, İslam İnkişaf Bankı (İİB) Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müşaviri Hüseyn Hüseynov qlobal ticarətdə yeni tendensiyalardan, regional iqtisadi əməkdaşlığın əhəmiyyətindən, Azərbaycanın tranzit potensialından və enerji layihələrindən danışıb.
Hüseyn Hüseynov bildirib ki, müzakirələrdə əsas diqqət iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlməlidir:
“Ticarət və investisiya bir-birini tamamlayır. Ticarət investisiya axınları üçün imkan yaradır, infrastruktur, logistika və rəqəmsal əlaqəyə yatırılan investisiyalar isə ticarətin genişlənməsinə şərait yaradır. Mərkəzi Asiya və Qafqaz regionunda iqtisadi artımı gücləndirmək üçün böyük potensial mövcuddur. 2020-2025-ci illər ərzində regionun ümumi ÜDM artımı 10 faizdən çox olub. Bunun nəticəsi daha güclü özəl sektor, genişlənən regional iqtisadi əməkdaşlıq və inteqrasiyanın real iqtisadi artıma çevrilməsi olub”.
O qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi nəqliyyat və logistika sahəsində mühüm üstünlüklər yaradır:
“Asiya, Avropa və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan nəqliyyat və logistika imkanlarının inkişafına xüsusi önəm verir. Azərbaycan dənizə çıxışı olmayan ölkə olsa da, Xəzər dənizində yerləşməsi və əsas Avrasiya ticarət dəhlizləri üzərində olması ölkəyə böyük tranzit və logistika potensialı qazandırır”.
Huseyn Huseynov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Xəzər regionunda əsas logistika mərkəzlərindən biri olduğunu qeyd edib:
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərq və Qərb arasında artan yük axınlarını idarə edən əsas logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu isə Asiya və Avropa arasında birbaşa dəmir yolu əlaqəsi yaradaraq region üzrə yük daşımalarında tranzit müddətini əhəmiyyətli dərəcədə azaldır. Orta Dəhliz bu imkanları bir araya gətirir. Qlobal təchizat zəncirləri şaxələndikcə bu marşrut daha böyük strateji əhəmiyyət qazanır. Azərbaycan Mərkəzi Asiyanı, Xəzər hövzəsini, Türkiyəni və Avropa bazarlarını birləşdirən mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir”.
Müşavir bildirib ki, ölkə ərazisindən keçən tranzit yüklərin davamlı artımı həyata keçirilən infrastruktur layihələrinin nəticəsini göstərir:
“İnfrastruktur əsasında qurulan inteqrasiya real nəticələr verir. Enerji sahəsi də regional inkişafın əsas istiqamətlərindən biridir. Xəzəri qlobal bazarlarla birləşdirən neft və qaz boru kəmərləri uzun müddətdir Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verir. Bu gün isə biz böyükmiqyaslı bərpa olunan enerji layihələri həyata keçirir, sərhədlərarası təmiz enerji təşəbbüsləri ilə regional əməkdaşlığın yeni istiqamətlərini formalaşdırırıq”.
O əlavə edib ki, yalnız infrastrukturun inkişafı kifayət deyil:
“Gömrük sistemlərinin modernləşdirilməsi, rəqəmsal ticarət platformalarının genişləndirilməsi və sərhəd prosedurlarının sadələşdirilməsi vacibdir ki, mallar, xidmətlər və kapital sərhədlərdən daha az gecikmə və daha aşağı xərclərlə keçə bilsin. Qurduğumuz dəhlizlər onları idarə edən prosedurlarla uyğunlaşdırılmalıdır”.
Çıxış zamanı H.Hüseynov regional inteqrasiyanın heç bir ölkə tərəfindən təkbaşına həyata keçirilə bilməyəcəyini bildirib:
“Azərbaycan, Asiya, Yaxın Şərq və Afrikada toplanmış təcrübələr göstərir ki, müxtəlif regionlar fərqli yollarla inkişaf edib. Bəzi ölkələr koordinasiyalı infrastruktur proqramları, digərləri isə ticarətin asanlaşdırılması və tənzimləyici uyğunlaşdırma vasitəsilə irəliləyib. Biz bu təcrübələri müqayisə etməli və bir-birimizdən öyrənməliyik”.
Müşavir bildirib ki, bu prosesdə çoxtərəfli inkişaf bankları, xüsusilə İslam İnkişaf Bankı mühüm rol oynayır:
“İİB-nin maliyyələşdirməsi, texniki yardımı və bilik mübadiləsi regionlarda sərhədlərarası infrastrukturu, ticarətin asanlaşdırılması sistemlərini və regional əməkdaşlıq platformalarını dəstəkləyir. Bu dəstək olmadan bir çox inteqrasiya strategiyaları yalnız kağız üzərində qala bilərdi”.
O qeyd edib ki, İİB Regional İnteqrasiya İndeksi kimi alətlər ölkələrin mövcud vəziyyətini, struktur boşluqları və gələcək prioritetləri müəyyənləşdirməyə kömək edir.
Sonda Hüseyn Hüseynov bildirib ki, daha dərin regional əməkdaşlıq və güclü əlaqələndirmə davamlı və inklüziv inkişaf üçün əsas şərtdir:
“Qlobal iqtisadiyyat sürətlə dəyişir. İnteqrasiyaya, infrastruktura və tərəfdaşlığa investisiya edən ölkələr uzunmüddətli inkişaf və dayanıqlılıq baxımından daha güclü mövqedə olacaqlar. Azərbaycan bu gündəliyi irəli aparmaq və əlaqələndirməni ümumi və davamlı imkanlara çevirmək üçün bütün tərəfdaşlarla işləməyə hazırdır”.
Mələksəda Ziyad