Analarının külünü almazlara ÇEVİRDİLƏR
ABŞ-də iki bacı vəfat edən analarının külünün bir hissəsini almazlara çevirərək onun xatirəsini qeyri-adi şəkildə əbədiləşdiriblər.
Ajans.az xəbər verir ki, 31 yaşlı Kloi Sekston PEOPLE jurnalına müsahibəsində bildirib ki, bu layihə sayəsində anası Cennifer Coyun onların həyatındakı vacib anlarda “iştirak etməsini” təmin edə biliblər.
“Bu almazlar inanılmaz hədiyyədir. Hekayəmizi internetdə paylaşmaq üçün cəsarət tapmasaydım, belə bir imkan heç vaxt yaranmazdı”, – deyə Kloi qeyd edib.
Cennifer Coy 12 aprel 2022-ci ildə, 48 yaşında beyin xərçəngindən vəfat edib. O, ölümündən əvvəl uzun illər ərzində xəstəliklə mübarizə aparıb, çoxsaylı əməliyyatlar, şüa və kimyaterapiya kursları keçib.
Anasının ölümündən sonra Kloi təkcə öz kədəri ilə mübarizə aparmayıb, həm də kiçik bacısı Şarlottaya bu ağır itkini qəbul etməyə kömək edib. 2024-cü ilin iyulunda o, ailəsinin hekayəsini TikTok-da paylaşdıqdan sonra onların həyatı gözlənilməz şəkildə dəyişib.
Kloi bildirib ki, həmin paylaşımı görən Texasda fəaliyyət göstərən Eterneva şirkəti onunla əlaqə saxlayıb. Şirkət vəfat etmiş insanların və ev heyvanlarının küllərindən laboratoriya şəraitində almazlar hazırlayır.
Cenniferin vəsiyyətinə uyğun olaraq, onun cəsədi əvvəlcə elmə bağışlanıb, daha sonra isə külü ailəsinə qaytarılıb.
“Anamın külü olan qabı ilk dəfə əlimdə tutanda uzun müddətdən sonra ona ən yaxın olduğumu hiss etdim. Bu, onu yenidən qucaqlamaq kimi idi”, – deyə Kloi xatırlayır.
Bacılar ananın xatirəsini yaşatmaq üçün əvvəllər də müxtəlif üsullardan istifadə ediblər. Onlar külün bir hissəsini dekorativ daşlara çevirərək xatirə əşyalarında saxlayıb, hətta kül qabını müxtəlif bayram və mövsümlərə uyğun bəzəyiblər.
2024-cü ilin sonunda isə ailə yeni layihəyə başlayıb. Bir ildən çox davam edən prosesdən sonra 2026-cı ilin aprelində Cenniferin külündən hazırlanan üç almaz bacılara təhvil verilib.
Kloinin sözlərinə görə, ən yaddaqalan an kiçik bacısı Şarlottanın almazları ilk dəfə gördüyü vaxt olub.
“Qutunu açanda onun üzündə həm sevinc, həm də kədər vardı. Gözlərindəki parıltını ömrüm boyu unutmayacağam”, – deyə o bildirib.
Bacılar əldə etdikləri üç almazdan ikisinin tamamilə qüsursuz olduğunu deyirlər. Onların fikrincə, bu daşlar sadəcə xatirə əşyası deyil, analarının həyatının və irsinin davamıdır.
Hazırda Kloi və Şarlotta almazların gələcəkdə necə istifadə olunacağı barədə düşünürlər. Onlar xüsusi günlərdə taxmaq üçün uyğun kulonlar hazırlatmağı planlaşdırırlar.
“Beləcə, anamız həyatımızın bütün vacib anlarında bizimlə olacaq. Sadəcə, artıq yeni və əbədi formada”, – deyə Kloi əlavə edib.