Maykl Ceksonun bioqrafik filmi dünya rekordunu QIRDI
Maykl Ceksonun həyat və yaradıcılığından bəhs edən “Michael” bioqrafik filmi dünya kinematoqrafiyası tarixində ən çox gəlir gətirən bioqrafik filmə çevrilib.
Ajans.az xəbər verir ki, rejissor Antuan Fuquanın ekranlaşdırdığı və Pop Kralını onun qardaşı oğlu Cəfər Ceksonun canlandırdığı film premyerasından bəri dünya üzrə 911,9 milyon dollar gəlir əldə edib. Bununla da ekran əsəri uzun illər bioqrafik filmlər arasında lider olan “Bohemian Rhapsody” filmini geridə qoyub. Freddie Mercury haqqında çəkilmiş həmin film qlobal kassada 910,8 milyon dollar toplamışdı.
Bundan əvvəl “Michael” 2022-ci ildə nümayiş olunan və Elvis Preslinin həyatından bəhs edən “Elvis” filmini də ötərək siyahıda ikinci yerə yüksəlmişdi.
Film hazırda 1 milyard dollarlıq kassaya yaxınlaşır və analitiklər onun yaxın vaxtlarda bu həddi keçəcəyini proqnozlaşdırırlar. “Michael” ABŞ-da bioqrafik filmlər arasında ən uğurlu açılış həftəsonlarından birinə imza atıb və bir sıra bazarlarda musiqi bioqrafiyası janrında rekord göstəricilər əldə edib.
Beynəlxalq bazarda ekran əsəri açılış həftəsonunda 84 ölkədə nümayiş olunaraq 120,4 milyon dollar gəlir qazanıb. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Braziliya, Avstraliya, İspaniya və digər ölkələrdə musiqi bioqrafik filmləri arasında ən yüksək açılış nəticələrindən birini göstərib.
Filmin kommersiya uğuru müəyyən mübahisələr fonunda əldə olunub. Bir sıra tənqidçilər və ictimaiyyət nümayəndələri ekran əsərində Maykl Ceksonun həyatının son illərində gündəmə gələn uşaq istismarı ilə bağlı iddiaların yer almamasını müzakirə mövzusuna çeviriblər.
Buna baxmayaraq, “Michael” tamaşaçı marağı və kassadakı nəticələri ilə bioqrafik filmlər janrında yeni rekord müəyyənləşdirərək kino tarixində adını yazdırıb.