Böyük Britaniyanın Şimali İrlandiya bölgəsində yerləşən Belfast şəhərində miqrantlara və etnik azlıqlara qarşı zorakılıq halları qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Məlumata görə, qara geyimdə və maskada olan şəxslər əcnəbilərin yaşadığı iddia edilən ünvanların siyahısından istifadə edərək bir sıra yaşayış məntəqələrində hücumlar təşkil ediblər. Bildirilir ki, onlarla ev və avtomobil yandırılıb.
Nəşrin məlumatına əsasən, etnik azlıqlara mənsub ailələr təhlükəsizlik səbəbindən evlərini tərk etməyə məcbur qalıblar. Bundan başqa, bəzi müəssisələrin talan edilərək yandırıldığı qeyd olunur.
Hadisələr nəticəsində ən azı 27 nəfər evsiz qalıb. Onların yaşadığı evlərin etirazçılar tərəfindən yandırıldığı bildirilir.
Hücumlara məruz qalan ünvanlarda yaşayan şəxslərin kimliyi, eləcə də həmin siyahıların hansı mənbədən əldə edildiyi barədə hələlik rəsmi məlumat verilməyib. Hüquq-mühafizə orqanları baş verən hadisələrlə bağlı araşdırma aparır.