"İsa Məsih" ÖLDÜ
Rusiyanın Kazan şəhərində öz adını dəyişdirərək İsa Məsih adlandıran 46 yaşlı Yevgeni Çekulayev mənzilində ölü tapılıb.
Ajans.az xəbər verir ki, polis onun cəsədini Şamil Usmanov küçəsində yerləşən mənzildə aşkarlayıb. Bildirilir ki, Çekulayev son vaxtlar spirtli içki qəbul edir, demək olar ki, evdən çıxmırdı. Binaya yayılan xoşagəlməz qoxudan narahat olan qonşular hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olub və kişinin meyitini aşkar ediblər.
İlkin məlumata əsasən, ölüm zorakılıq əlamətləri daşımayıb və kişinin xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.
Yevgeni Çekulayev ezoterika və numerologiyaya marağı səbəbindən bir müddət əvvəl adını rəsmi olaraq İsa Məsih olaraq dəyişdirmişdi. Bu ilin əvvəlində prokurorluğun tələbi ilə onun sənədlərindəki adı yenidən Yevgeni Petroviç Çekulayev olaraq bərpa edilmişdi.
Qeyd edək ki, Çekulayev 2025-ci ildə yaşayış yerində xarici vətəndaşların qanunsuz qeydiyyatını təşkil etdiyinə görə iki il müddətinə şərti cəza almışdı.