Sahil Babayev: Neftdən asılılıq davamlı olaraq azalır
Maliyyə naziri Sahil Babayev Azərbaycanda neftdən asılılığın davamlı şəkildə azaldığını bildirib.
Ajans.az xəbər verir ki, o, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib ki, bu da proqnoz göstəricisindən 7,5 faiz bəndi çoxdur. Bu göstəricinin 2029-cu ildə 100 faizə çatdırılması hədəflənir. Bildirilib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faiz olub. Bu, 2024-cü illə müqayisədə 2,8 faiz bəndi çoxdur. Hədəf 2029-cu ilə qədər bu göstəricini 69 faizə çatdırmaqdır. Həmçinin icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faiz təşkil edib. İcmal büdcənin qeyri-neft baza kəsiri isə qeyri-neft ÜDM-in 18,6 faizi səviyyəsində olub. Bu göstərici hədəfdən (22,1 faiz) 3,5 faiz bəndi, ötən illə müqayisədə isə 1,4 faiz bəndi aşağıdır.
S. Babayev qeyd edib ki, dövlət büdcəsinin xərcləri səmərəli və ünvanlı şəkildə, mövcud ehtiyaclara uyğun icra olunub.
Nazir regionların büdcədən asılılığının da azaldığını vurğulayıb. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 160 milyon manat təşkil edib ki, bu da proqnozdan 55,6 milyon manat və ya 25,8 faiz, 2024-cü illə müqayisədə isə 25,2 milyon manat və ya 13,6 faiz azdır. Bundan başqa, dotasiyadan asılı rayonların sayı da azalıb. Hazırda 4 rayona ümumilikdə 1,5 milyon manat dotasiya ayrılıb. Bu göstərici əvvəlki illə müqayisədə 48,3 faiz azalma deməkdir.
Fidan Hacızadə