Trampın adı Kennedi Mərkəzindən SİLİNƏCƏK
ABŞ-də məhkəmə qərarına əsasən, Prezident Donald Trampın adı yaxın günlərdə Vaşinqtondakı Kennedi Mərkəzinin rəsmi adından və binanın fasadından çıxarılacaq.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Con F. Kennedi adına İfa Sənətləri Mərkəzinin əməkdaşlarına göndərilən daxili memorandumda qurumun əvvəlki adına qaytarılması tapşırılıb. İşçilərdən elektron imzaları, blankları və digər rəsmi materialları yeniləmələri istənilib. Lövhələr, nişanlar və digər vizual elementlərdə dəyişikliklərin bir həftə ərzində tamamlanacağı bildirilir.
Qərar federal hakim Kristofer Kuperin Konqres üzvü Coys Bitinin qaldırdığı iddianı təmin etməsindən sonra verilib. Məhkəmə müəyyən edib ki, Kennedi Mərkəzinin qəyyumlar şurası 2025-ci ilin dekabrında qurumun adını “Donald J. Tramp və Con F. Kennedi Xatirə İfa Sənətləri Mərkəzi” olaraq dəyişdirərkən səlahiyyət həddini aşıb.
Hakimin qərarında vurğulanıb ki, Konqres tərəfindən yaradılmış federal qurumun adının dəyişdirilməsi yalnız qanunvericilik yolu ilə mümkündür və bu səlahiyyət qəyyumlar şurasına aid deyil.
Kennedi Mərkəzinin rəhbərliyi məhkəmə qərarına əməl etdiyini, eyni zamanda ad dəyişikliyini qorumaq üçün mümkün hüquqi addımları nəzərdən keçirdiyini açıqlayıb.
Qeyd edək ki, Donald Tramp ikinci prezidentlik müddətində qəyyumlar şurasının bir sıra üzvlərini öz müttəfiqləri ilə əvəz etmiş, daha sonra isə şura onu sədr seçmişdi. Mərkəzin adının dəyişdirilməsi təşəbbüsü də məhz həmin dövrdə irəli sürülmüşdü.
Amerika mediasının məlumatına görə, bu qərar Tramp administrasiyasının federal mədəniyyət və təhsil müəssisələri üzərində təsirini genişləndirmək cəhdləri ilə bağlı hüquqi mübahisələrin növbəti mərhələsi hesab olunur. Bundan əvvəl ad dəyişikliyinə etiraz olaraq bir neçə tanınmış sənətçi çıxışlarını ləğv etmiş, Milli Simfonik Orkestrin icraçı direktoru isə vəzifəsindən istefa vermişdi.