Putin yenidən prezidentliyə namizəd OLA BİLƏR
Rusiya Prezidenti Vladimir Putin ölkə Konstitusiyasının ona 2030-cu ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olmağa imkan verdiyini bildirib. Bununla belə, o, bu məsələnin müzakirəsi üçün hələ tez olduğunu vurğulayıb.
Ajans.az xəbər verir ki, Putin bu barədə beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı danışıb.
“Doğrudan da, Konstitusiya 2030-cu ildə namizədliyimi irəli sürməyə imkan verir. Lakin hesab edirəm ki, bu barədə danışmaq üçün hələ çox tezdir”, – deyə Rusiya lideri qeyd edib.
Prezident bildirib ki, hazırda ölkə qarşısında duran əsas məsələ çoxsaylı mühüm və təxirəsalınmaz problemlərin həllidir. Onun sözlərinə görə, diqqət məhz bu vəzifələrin icrasına yönəlib.
Putin həmçinin gələcəklə bağlı qəti proqnoz verməyin mümkün olmadığını vurğulayıb.
“Sabaha və ya o biri günə qədər yaşamaq, qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün kifayət qədər sağlamlığımızın olub-olmayacağını yalnız Allah bilir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Rusiyada 2020-ci ildə qəbul edilən konstitusiya dəyişiklikləri Vladimir Putinin əvvəlki prezidentlik müddətlərinin sıfırlanmasına imkan verib. Bu dəyişikliklər ona 2030 və 2036-cı illərdə keçiriləcək prezident seçkilərində iştirak etmək hüququ verir.