39 il həbsdə qalan günahsız məhkum BƏRAƏT ALDI
ABŞ-da törətmədiyi bir cinayətə görə ölüm hökmünə məhkum edilən Riki Cekson 39 ildən çox həbsdə qaldıqdan sonra 2014-cü ildə bəraət alaraq azadlığa buraxılıb.
Ajans.az xəbər verir ki, hadisə 1975-ci ildə Ohayo ştatının Klivlend şəhərində baş verib. Həmin vaxt bir nəfər qarət edilərək güllələnib. Cinayətdən cəmi beş gün sonra 18 yaşlı Riki Cekson həbs olunub.
İstintaq zamanı ona qarşı əsas sübut 12 yaşlı bir oğlanın ifadəsi olub. Uşaq Ceksonun atəş açdığını gördüyünü iddia etsə də, sonradan məlum olub ki, hadisə zamanı o, bir neçə məhəllə uzaqda məktəb avtobusunda olub. Bundan başqa, Ceksonu cinayətlə əlaqələndirən heç bir fiziki sübut mövcud olmayıb.
Buna baxmayaraq, o, ölüm cəzasına məhkum edilib. Sonradan hökm ömürlük həbslə əvəz edilib.
Riki Cekson həbsdə olduğu illər ərzində günahsız olduğunu sübut etməyə çalışıb. O, kitablar oxuyub, jurnalistlərə və sənədli film müəlliflərinə məktublar göndərərək işinə yenidən baxılmasını istəyib.
2014-cü ildə, artıq 53 yaşında olan şahid Edvard Vernon məhkəmədə əvvəlki ifadəsinin yalan olduğunu etiraf edib. O bildirib ki, hadisənin şahidi olmayıb və uşaq yaşlarında detektivlərin təzyiqi altında ifadə verməyə məcbur edilib.
Bunun nəticəsində Riki Cekson 39 il, 3 ay və 9 gün həbsdə qaldıqdan sonra bəraət alaraq azadlığa buraxılıb. Onun həbsdə keçirdiyi müddət ABŞ tarixində bəraətlə nəticələnən ən uzun qanunsuz həbs cəzalarından biri hesab olunur.
Azadlığa çıxdıqdan sonra Cekson və Vernon üz-üzə görüşüblər. Riki Cekson onu qucaqlayaraq, “Hər şey qaydasındadır, qardaş. Hər ikimiz bu hadisənin qurbanı idik”, deyib.