Reklam resmi
Reklam resmi

İsrail Avroviziya səsverməsвэ 1 milyon dollar XƏRCLƏYİB

İsrail Avroviziya səsverməsвэ 1 milyon dollar XƏRCLƏYİB
Dünya

İsrail hökuməti son iki il ərzində Avroviziya səsverməsini təşviq etmək üçün reklam və rəqəmsal kampaniyalara ən azı 1 milyon dollar vəsait ayırıb.

Ajans.az The New York Times-a istinadən xəbər verir ki, bu fəaliyyətlər ölkənin beynəlxalq imicini gücləndirməyə yönəlmiş “yumşaq güc” strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Araşdırmada qeyd olunur ki, xüsusilə fəal kampaniyalar 2024-cü ildə Malmö və 2025-ci ildə Bazel şəhərlərində keçirilən müsabiqələr zamanı həyata keçirilib.

İddialara əsasən, İsrailin müxtəlif dövlət qurumları, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisi bu təşəbbüslərdə iştirak edib. Təkcə 2024-cü ildə kampaniyalara 800 min dollardan çox vəsait xərcləndiyi bildirilir. Bir neçə dildə aparılan onlayn reklamlar və sosial media kampaniyaları izləyiciləri müsabiqə qaydaları çərçivəsində İsrail təmsilçisinə səs verməyə təşviq edib.

Jurnalistlərin qeyd etdiyi digər məqam isə bəzi ölkələrdə az sayda aktiv istifadəçinin televiziya səsverməsinin nəticələrinə əhəmiyyətli təsir göstərə bilməsidir. Mövcud qaydalara əsasən, izləyicilərə eyni iştirakçı üçün bir neçə dəfə səs verməyə icazə verilir (əvvəllər 20, hazırda isə 10 səs limiti tətbiq olunur).

Araşdırmada bildirilir ki, israilli iştirakçı Yuval Rafael 2025-ci ildə bəzi ölkələrdə televiziya səsverməsində birinci olub. Məsələn, İspaniyada o, səslərin 33,34%-ni toplayaraq rəqiblərini, o cümlədən Ukraynanı (6,74%) xeyli qabaqlayıb.

Bunun fonunda bir sıra Avropa yayımçıları, o cümlədən RTVE və RTÉ səsvermə sisteminin daha şəffaf auditini tələb ediblər. İrlandiya nəticədə müsabiqədə iştirakdan imtina edib. İspaniya, Hollandiya, İslandiya və Sloveniya da oxşar addımlar atıblar.

Araşdırmada botlardan və ya gizli səs manipulyasiyasından istifadə ilə bağlı sübutların tapılmadığı vurğulanır. Bununla belə, vəziyyət “koordinasiya olunmuş və maliyyələşdirilmiş rəqəmsal seçici səfərbərliyi kampaniyası” kimi xarakterizə olunur.

Müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi isə bu iddiaları rədd edərək səsvermənin ədalətli olduğunu bildirib. Müsabiqə direktoru Martin Qrin İsrailin təşviqat fəaliyyətlərini “həddindən artıq” adlandırsa da, yekun nəticələrin “etibarlı və ədalətli” olduğunu vurğulayıb.

Qalmaqal fonunda ikili standartlarla bağlı tənqidlər də artıb. Bəzi iştirakçılar Rusiyanın müsabiqədən kənarlaşdırıldığı halda, İsrailin iştirakının davam etməsinin müzakirə doğurduğunu qeyd ediblər.

Eyni zamanda, EBU təhlükəsizlik səbəblərini əsas gətirərək səsvermənin detallı məlumatlarını açıqlamaqdan imtina edib və NYT tərəfindən təqdim edilən bəzi şərhlərlə razılaşmadığını bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Avroviziya

Digər Xəbərlər