Kapital Bank-dan MyGov üzərindən müştəri məlumatlarının sorğulanmasına AÇIQLAMA
Bu yaxınlarda MyGov portalı üzərindən müştərilərin məlumatları Kapital Bank tərəfindən kütləvi sorğulanmışdı.
Kapital Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov Ajans.az xəbər portalının rəhbəri Tural Müseyibovun sualını cavablandırıb.
Bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov qeyd edib ki, əslində bu məqam da birbaşa rəqəmsallaşma ilə əlaqədardır. Çünki bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir. Kredit şərtləri, kart limitləri, kampaniyalar və hətta mobil tətbiqdə göstərilən təkliflər belə müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır. Məsələn, gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri müəyyən məlumatlar əsasında dizayn olunur. Bu zaman əsas sual ortaya çıxır. Banklar müştərilərinə fərdi yanaşmanı necə tətbiq edir? Cavab sadədir – sahib olduqları məlumatlar hesabına. Soruşsanız ki, bəs həmin məlumatlar necə toplanır- deməliyəm ki, bankların istifadə etdiyi məlumatların böyük hissəsi vətəndaşın özü tərəfindən verilir. Hesab açarkən, kart sifariş edərkən, kredit üçün müraciət edərkən və ya mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumat müştəri tərəfindən qanun çərçivəsində, rəsmi və könüllü şəkildə təqdim olunur. Müştərilərin bu məlumatları qanunvericiliyə əsasən "Fərdi məlumatlar haqqında" və "Banklar haqqında" qanunlar çərçivəsində toplanır və emal edilir. Müştəri məlumatları üçüncü tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur. Ən vacibi isə müştəri məlumatlarının toplanmasına və emalına bank məhsullarından istifadə edərkən qanunvericilik əsasında təsdiq etdiyi razılıq vasitəsilə icazə verir. Həmçinin bank müştərisi olmadığı vətəndaşın məlumatlarını sorğulamır. Təbii ki, müştəri istədiyi halda öz məlumatlarının sorğulanmasını dayandıra bilər. Sadəcə nəzərə almaq lazımdır ki, bununla da o, özünün bəzi xidmət imkanlarını da məhdudlaşdırmış olacaq. Məsələn, kreditə ehtiyacı olan biri hansısa bankda ona uyğun sərfəli şərtlərlə təqdim edilən kredit kampaniyasından və ya fərdiləşdirilmiş təklifdən məlumatsız qalacaq.
View this post on Instagram