"Pekin hazırda Panama kanalına nəzarəti ələ keçirməyə çalışır. Biz buna imkan verməyəcəyik", – deyə ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin Panama kanalının ABŞ-ın nəzarətindən çıxarılması qərarını tənqid edib. Onun sözlərinə görə, kanal ABŞ tərəfindən həyata keçirilən ən bahalı və eyni zamanda ən gəlirli layihələrdən biri olub.
"Biz Panama kanalını təhvil verdik və onlar bundan böyük gəlir əldə etdilər. Bu, olduqca yanlış qərar idi. Bu, indiyədək tikdiyimiz ən bahalı və ən gəlirli layihələrdən biri idi", – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti daha əvvəl dəfələrlə Panama kanalının Vaşinqtonun nəzarətinə qaytarılması ideyasını səsləndirib. Onun fikrincə, Çinin bu strateji əhəmiyyətli nəqliyyat dəhlizində kommersiya fəaliyyətinin genişlənməsi ABŞ-ın milli təhlükəsizlik maraqları üçün risk yaradır.
Qeyd edək ki, Panama kanalı 1914-cü ildə istifadəyə verilib. Kanal ABŞ tərəfindən inşa olunub və uzun illər Vaşinqtonun nəzarətində qalıb. 1977-ci ildə imzalanan Torrijos–Karter müqaviləsinə əsasən, kanalın idarəçiliyi mərhələli şəkildə Panamaya təhvil verilib və bu proses 1999-cu ildə başa çatıb. Müqaviləyə əsasən, kanal neytral statusa malikdir və bütün ölkələrin gəmiləri üçün açıq olmalıdır.