BOKT-larda kredit niyə baha olur?
Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) banklarla müqayisədə fəaliyyət imkanları daha məhduddur.
Bu sözləri ajans.az-a açıqlamasında bank eksperti Emin Kərimov bildirib.
Ekspertin sözlərinə görə, BOKT-larda depozit qəbulu, hesab açılması və kreditləşmə istiqamətində müəyyən məhdudiyyətlər mövcuddur:
“Əgər bir maliyyə qurumu bank kimi fəaliyyət göstərə bilmirsə, lakin onun texniki-iqtisadi göstəriciləri yüksəkdirsə, səlahiyyətlərini məhdudlaşdıraraq BOKT kimi fəaliyyətini davam etdirə bilər. Təcrübədə belə hallar olur. Potensialı olan, müştəri bazasına sahib bir qurum fəaliyyətini itirmək istəmir və uğurlu fəaliyyət göstərirsə, BOKT formatında yoluna davam edir”.
Emin Kərimov vurğulayıb ki, BOKT-un iqtisadi uğuru əsasən onun müştəri bazası, kredit portfelinin sağlamlığı və kredit məhsullarını effektiv şəkildə təqdim edə bilməsi ilə bağlıdır:
“Banklarla BOKT-ların kreditləşmə mexanizmləri də fərqlənir. Bank əvvəllər hesab açaraq vəsaiti birbaşa köçürə bilirdisə, BOKT-larda proses fərqli işləyir. BOKT öz adına kredit verir, lakin məbləğ digər banklara aid kartlara köçürüldüyü üçün əməliyyatın mahiyyətindən asılı olaraq əlavə xərclər və komissiyalar yarana bilər”.
“Banklar maliyyə vəsaitlərini birbaşa öz adlarına cəlb edə bildikləri halda, BOKT-larda bu proses fərqli mexanizmlə həyata keçirilir.BOKT-lar digər banklardan maliyyə vəsaiti cəlb edə bilirlər. Bu vəsaitin maya dəyəri nisbətən yüksək olduğuna görə, nəticədə kredit faizləri də daha yüksək ola bilər”, – deyə E.Kərimov bildirib.
Mələksəda Ziyad