Reklam resmi
Reklam resmi

Azərbaycanda işçiləri sevindirəcək tələblər QƏBUL OLUNDU

Azərbaycanda işçiləri sevindirəcək tələblər QƏBUL OLUNDU
Cəmiyyət
994

Azərbaycanda binaların yenidənqurulması və layihələndirilməsi zamanı əlilliyi olan şəxslərin əmək fəaliyyəti üçün xüsusi standartların tətbiqinə başlanılıb.

Ajans.az xəbər verir ki, yeni qaydalara əsasən, iş yerləri təşkil edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunmuş orqanizmin funksiyalarının pozulması faizi mütləq nəzərə alınmalıdır.

Bu çərçivədə əlilliyi olan şəxslər üçün iş yerlərinin dəqiq sayı, növləri və onların binaların daxilindəki yerləşdirmə strukturu birbaşa layihə tapşırığı ilə müəyyən ediləcək.

İş sahələrinin ölçüləri ilə bağlı qaydalarda konkret rəqəmlər və normativlər öz əksini tapıb. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün ofis otaqlarının sahəsi hesablanarkən hər bir işçi üçün ən azı 7,65 m² sahə ayrılması məcburi tələb kimi qeyd olunub. Bununla yanaşı, layihə tapşırığında işçilərin ixtisaslaşdırılması və onların konkret sağlamlıq xüsusiyyətlərinə uyğunlaşdırılmış mebel, xüsusi avadanlıq və köməkçi qurğular dəsti də dəqiq göstərilməlidir.

Yeni qaydalarda fiziki məhdudiyyətli işçilərin rahat hərəkəti üçün məsafə məhdudiyyətləri də müəyyən edilib. Dayaq-hərəkət aparatı pozulmuş və görmə qabiliyyəti tam və ya qismən məhdud olan şəxslərin iş yerlərindən sanitar qovşağına, siqaret çəkmə yerlərinə, isinmə, sərinlənmə və içməli su cihazlarına qədər olan məsafə binaların daxilində 60 metri keçməməlidir. Əgər bu obyektlər çöldə yerləşirsə, binaların ərazisindəki məsafə maksimum 150 metr ola bilər.

İşçilərin sanitariya-məişət xidməti və şəxsi əşyalarının saxlanması üçün də xüsusi infrastruktur tələb olunur. Binaların məişət otaqlarında quraşdırılan fərdi şkaflar mütləq çoxfunksiyalı olmalı, çöl, ev və iş paltarlarının eyni vaxtda saxlanmasına imkan verməlidir. Həmçinin iş zonalarında mikroiqlimə dair sanitar-gigiyenik tələblər kompleksinin yerinə yetirilməsi və işçilərin xəstəlik növlərinə uyğun əlavə şəraitin yaradılması təmin edilməlidir.

Müəssisələrdə sanitariya kabinələrinin və avadanlıqlarının sayı da işçi sayına mütənasib şəkildə hesablanacaq. Qaydalara əsasən, dayaq-hərəkət və görmə məhdudiyyəti olan hər 3 əlilliyi olan şəxs üçün azı 1 universal duş kabinəsi nəzərdə tutulmalıdır. Sanitar-məişət otaqlarında hər 7 əlilliyi olan şəxs üçün isə azı 1 əlüzyuma yerinin quraşdırılması sənayedəki istehsal prosesinin xüsusiyyətlərindən asılı olmayaraq məcburidir.

Sənəddə fiziki məhdudiyyətli şəxslərin qidalanma şəraitinin yaxşılaşdırılması da unudulmayıb. Təkərli oturacaqdan istifadə edən işçilərin ictimai iaşə yerlərinə çıxışında çətinlik yarandığı təqdirdə, binalarda xüsusi yemək otaqları qurulmalıdır. Bu otaqlarda hər bir əlilliyi olan şəxs üçün 1,65 m² sahə hesablanmalı, lakin yemək otağının ümumi sahəsi 12 m²-dən az olmamalıdır.

author picture
Murad Əliyev
Mövzular:
Azərbaycan işçilər tələblər

Digər Xəbərlər