Reklam resmi
Reklam resmi

Halal iqtisadiyyat üzrə qlobal xərclər 3 TRİLYON dolları keçəcək

Halal iqtisadiyyat üzrə qlobal xərclər 3 TRİLYON dolları keçəcək
Cəmiyyət

Halal iqtisadiyyat qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilib və yaxın illərdə bu sektorda istehlak xərclərinin 3 trilyon ABŞ dollarını ötəcəyi gözlənilir.

Ajans.az xəbər verir ki, bunu Bakıda keçirilən 14-cü Özəl Sektor Forumu çərçivəsində çıxış edən İslam İnkişaf Bankının (İİB) Kuala Lumpur Mükəmməllik Mərkəzinin rəhbəri Samer Yousef Elesawi deyib.

Onun sözlərinə görə, bir vaxtlar yalnız müəyyən istehlakçı qrupuna xitab edən halal sektoru artıq geniş iqtisadi ekosistemə çevrilib:

“Qlobal müsəlman istehlakçıların halal sektoru üzrə xərclərinin yaxın illərdə 3 trilyon ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır. Eyni zamanda, İİB-yə üzv ölkələr dünyanın ən böyük halal istehlak və istehsal bazarlarından birini formalaşdırır. Bu isə üzv ölkələr arasında ticarət, sənaye əməkdaşlığı, investisiya tərəfdaşlıqları və KOB-ların inkişafı üçün böyük imkanlar yaradır”.

S. Elesawi qeyd edib ki, mövcud potensiala baxmayaraq, bir çox ölkələr halal standartlarının uyğunlaşdırılması, sertifikatlaşdırma sistemləri, logistika infrastrukturu və maliyyəyə çıxış kimi problemlərlə üzləşir.

İİB rəsmisinin fikrincə, bu problemlərin həlli üçün dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq daha da gücləndirilməlidir.

O vurğulayıb ki, halal iqtisadiyyat yalnız ticarət və istehlak sahəsi deyil, həm də iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyi, sənaye inkişafı və yeni iş yerlərinin yaradılması üçün strateji platformadır.

Samer Yousef Elesawi Azərbaycanın da halal iqtisadiyyatın təqdim etdiyi imkanlardan faydalanmaq üçün əlverişli mövqedə olduğunu bildirib:

“Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasət və regional əlaqələri onu halal dəyər zəncirlərinin inkişafı və yeni investisiya imkanları üçün mühüm tərəfdaşa çevirir".

Mələksəda Ziyad

Mövzular:
Halal iqtisadiyyat xərclər

Digər Xəbərlər