Özəl sektorun investisiyaları dövlət sərmayəsini ÜSTƏLƏYİB- Mikayıl Cabbarov:
Cari ilin ilk dörd ayında qeyri-neft-qaz sektorunda özəl bölmənin investisiya payı 51,1 faizə yüksəlib və bu, özəl kapitalın dövlət investisiyalarını üstələdiyini göstərir.
Ajans.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə müsahibəsində ölkədə investisiya mühitinin inkişafı və özəl sektorun artan rolundan danışıb.
Nazir bildirib ki, cari ilin ilk dörd ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala yatırılan investisiyalar 15 faizdən bir qədər çox artıb:
“Bu dövrdə sektor üzrə investisiyalarda qeyri-dövlət bölməsinin payı 51,1 faizə yüksəlib ki, bu da özəl kapitalın dövlət investisiyalarını üstələməsi deməkdir.Əgər keçən illə müqayisədə özəl sektordan gələn sərmayə 15 faiz artıbsa, deməli, ya sahibkarlar perspektiv görür, ya mövcud şəraiti münbit hesab edir, ya da hər ikisi mövcuddur. Biz düşünürük ki, doğru istiqamətdə irəliləyirik”.
M.Cabbarov vurğulayıb ki, bununla belə dövlət məmuru baxışı ilə yanaşı, sahibkarların real problemlərinin dinlənilməsi də vacibdir:
“Bu məqsədlə Baş nazirin müavininin rəhbərliyi ilə fəaliyyət göstərən işçi qruplar mövcuddur və İqtisadiyyat Nazirliyi bu prosesdə fəal iştirak edir”.
Nazir əlavə edib ki, mediada sahibkarların problemlərinin işıqlandırılması bir çox hallarda qərarların təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.