Sahibkarlar üçün dövlət zəmanəti və güzəştlər GENİŞLƏNDİRİLİR
Azərbaycanda sənaye investisiyalarının artırılması üçün güzəştli kreditlər, faiz subsidiyaları və dövlət zəmanəti mexanizmləri geniş şəkildə tətbiq olunur.
Ajans.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində Azərbaycanda sənaye sahəsinə yatırılan sərmayələrin təşviqi ilə bağlı mövcud mexanizmlərdən danışıb.
Nazir bildirib ki, sənaye sektorunda investisiya adətən uzunmüddətli xarakter daşıyır və bəzi hallarda qoyulan sərmayənin geri qaytarılması 7–8 il və ya daha uzun müddət tələb edir.
Onun sözlərinə görə, bu səbəbdən dövlət uzunmüddətli iqtisadi səmərə verən fəaliyyətlərin təşviqinə xüsusi diqqət yetirir və sahibkarların bu sahələrə çıxış imkanlarını genişləndirməyə çalışır:
“Biz çalışırıq ki, bu fəaliyyət növlərini təşviq edək. Elə sahələr var ki, həm ölkə iqtisadiyyatına xidmət edir, həm də sahibkarın buna gücü çatır”.
M.Cabbarov əlavə edib ki, bu istiqamətdə güzəştli kreditlər, faiz subsidiyaları və ümumilikdə maliyyə əlçatanlığının artırılması əsas prioritetlərdəndir.
Nazirin sözlərinə görə, kreditlərə dövlət zəmanəti mexanizmi tətbiq olunur ki, bu da bankların risklərini azaldır və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır.
Eyni zamanda investisiya təşviqi sənədi çərçivəsində layihələrin siyahısı və prioritet istiqamətlər müəyyənləşdirilib. Bu mexanizm çərçivəsində investisiya yatıran sahibkarlara dövlət dəstəyi təqdim olunur.