Reklam resmi
Reklam resmi

2025-ci ildə büdcə xərcləri 44,7 milyard manata çatıb

2025-ci ildə büdcə xərcləri 44,7 milyard manata çatıb
İqtisadiyyat

“2025-ci ildə Azərbaycanın icmal büdcə xərcləri 44,7 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,8 milyard manat çoxdur”.

Ajans.az xəbər verir ki, bununla bağlı maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəhs edib.

Nazirin sözlərinə görə, icmal büdcə xərclərinin ÜDM-də payı 34,6 faiz, qeyri-neft ÜDM-də payı isə 48,4 faiz olub. Dövlət büdcəsinin xərcləri 38,6 milyard manat təşkil edib. Bu göstərici ötən illə müqayisədə 891 milyon manat çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də payı 29,9 faiz, qeyri-neft ÜDM-də payı isə 41,8 faiz olub.

Bildirilib ki, dövlət büdcəsinin 22,1 milyard manatı cari xərclərə, 14,4 milyard manatı əsaslı xərclərə, 2,1 milyard manatı isə dövlət borcuna xidmətlə bağlı ödənişlərə yönəldilib. Sosialyönlü xərclər 15,3 milyard manat və ya ümumi xərclərin 39,5 faizini təşkil edib. Bu istiqamətdə xərclər ötən illə müqayisədə 602 milyon manat artıb. Funksional təsnifata əsasən, ümumi dövlət xidmətlərinə 4,5 milyard manat, müdafiə və milli təhlükəsizliyə 8,1 milyard manat, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına 2,9 milyard manat ayrılıb. Təhsil xərcləri 4,6 milyard manat təşkil edərək dövlət büdcəsi xərclərinin 12 faizini formalaşdırıb. Səhiyyə xərcləri 1,3 milyard manat, icmal səhiyyə xərcləri isə 2,9 milyard manat olub. Sosial müdafiə və sosial təminata 4,6 milyard manat vəsait yönəldilib. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələrinə 527,1 milyon manat, mənzil-kommunal təsərrüfatına 322,5 milyon manat, kənd təsərrüfatına 1,1 milyard manat, ətraf mühitin mühafizəsinə isə 374 milyon manat ayrılıb.

İqtisadi fəaliyyət sahəsi üzrə xərclər 7,6 milyard manat təşkil edib. Bu məbləğin 2,3 milyard manatı dövlət əsaslı vəsait qoyuluşlarına, 3,8 milyard manatı Böyük Qayıdış proqramına, 1,5 milyard manatı isə digər istiqamətlərə sərf olunub.

Maliyyə naziri qeyd edib ki, 2025-ci ildə icmal büdcənin gəlirləri 48 milyard manata çatıb. Dövlət büdcəsinin gəlirləri isə 39,2 milyard manat olub. Bunun 20,4 milyard manatı qeyri-neft sektorunun, 18,8 milyard manatı isə neft-qaz sektorunun payına düşüb. Hesabat dövründə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.

Fidan Hacızadə

Mövzular:
büdcə xərclər manat

Digər Xəbərlər