İcmal büdcənin gəlirləri 48 milyard manatı ötüb- Nazir
“Azərbaycanın icmal büdcəsinin gəlirləri 48 milyard manat təşkil edib”.
Ajans.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
S.Babayevin sözlərinə görə, icmal büdcənin gəlirləri 48 milyard manat olub ki, bu da proqnozun 107,5 faiz icra edilməsi deməkdir: “Gəlirlər ötən illə müqayisədə 45 milyon manat artıb. Bu göstəricinin ÜDM-də payı 37,2 faiz təşkil edib. Qeyri-neft sektoru üzrə gəlirlər 26,5 milyard manata çatıb. Bu istiqamətdə icra səviyyəsi 100,4 faiz olub və ötən illə müqayisədə 1,3 milyard manat artım qeydə alınıb. Neft-qaz sektoru üzrə gəlirlər isə 21,5 milyard manat təşkil edib və proqnoz 117,7 faiz yerinə yetirilib. İcmal büdcənin xərcləri 44,7 milyard manat olub. Bu, 2024-cü illə müqayisədə 1,8 milyard manat çoxdur. Xərclərin ÜDM-də payı 34,6 faiz, qeyri-neft ÜDM-də payı isə 48,4 faiz təşkil edib. Hesabat dövründə icmal büdcədə 3,4 milyard manat profisit yaranıb. Profisitin ümumi daxili məhsula nisbəti 2,6 faiz səviyyəsində olub. Məlumata görə, Dövlət Neft Fondunun gəlirləri 17,2 milyard manat, xərcləri isə 14,6 milyard manat təşkil edib. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8,1 milyard manata, xərcləri isə 7,5 milyard manata çatıb. İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2 milyard manat, xərcləri isə 2,4 milyard manat olub. İşsizlikdən Sığorta Fondunun gəlirləri 242,6 milyon manat, xərcləri isə 213,3 milyon manat təşkil edib. Naxçıvan Muxtar Respublikasının gəlirləri 450,8 milyon manat, xərcləri isə 445,6 milyon manat olub. Muxtar respublikaya ayrılan dotasiya 160 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 14 faiz azdır”.
Fidan Hacızadə