Reklam resmi
Reklam resmi

Sükan arxasına keçən məktəbli - FACİƏ QAÇILMAZDIR

Sükan arxasına keçən məktəbli - FACİƏ QAÇILMAZDIR
Gündəm

Son zəng zamanı bəzi məktəblilərin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi faciə ilə nəticələnir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Ajans.az-a açıqlamasında bildirib ki, bu cür halların olması gənclər arasında nəzarətsizliyin artmasının göstəricisidir.

 Ekspertin sözlərinə görə, bəzi valideynlərin övladlarının digərlərindən fərqlənməsini istəməsi ciddi təhlükə yaradır:

“Çox təəssüflə qeyd etməliyik ki, son dövrlər gənclər arasında nəzarətsizlik halları artır. Bəzi valideynlər övladlarının daha seçilən görünməsini istəyirlər. Bu isə təkcə nəqliyyat vasitələrinin idarə edilməsində deyil, ümumi davranışlarda da özünü göstərir. Xüsusilə son zəng kimi emosional günlərdə valideynlər övladlarına daha ciddi nəzarət etməlidirlər.Ailə üzvləri – valideyn, baba, nənə, böyük qardaş və ya digər yaxınlar onların yanında olmalı, təhlükəsizliklərinə diqqət yetirməlidirlər.”

Ekspert xatırladıb ki, əvvəlki illərdə son zəng tədbirləri zamanı baş vermiş yol-nəqliyyat hadisələri ağır nəticələrə səbəb olub:

“Bir neçə il əvvəl son zəngi qeyd edən məktəblilərin olduğu avtomobillərdən biri qəzaya düşmüşdü və nəticədə beş nəfər həyatını itirmişdi. Hadisə bir anda baş verir və faciəyə çevrilir.” 

Əsədov vurğulayıb ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər aşkarlanarsa, qanunvericiliyə uyğun tədbirlər görülür: 

“Sürücülük vəsiqəsi olmayan şəxs sükan arxasında aşkarlanarsa, avtomobil cərimə meydançasına aparılır. Daha sonra hadisənin detalları araşdırılır. Əgər əlavə qanun pozuntuları da müəyyən edilərsə, məsələ hüquqi müstəvidə tədbir görülür.”

Ekspert məktəblərlə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın mövcud olduğunu bildirsə də, əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü qeyd edib:

“Məktəblər və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq var. Amma əsas məsələ valideyn nəzarətidir. Avtomobilin açarını verən də, verməyən də valideyndir. Valideyn istəməsə, məktəbli qaydanı poza bilməz.”

Mövzular:
son zəng qəza sürücülük vəsiqəsi

Digər Xəbərlər