Reklam resmi
Reklam resmi

Ekspert təhlükəli tendensiyadan danışdı- Reallıq yoxsa…

Ekspert təhlükəli tendensiyadan danışdı- Reallıq yoxsa…
Cəmiyyət

Sosial media artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar gün ərzində saatlarla müxtəlif platformalarda vaxt keçirir, məlumat alır, ünsiyyət qurur və fikirlərini bölüşürlər. Lakin bu texnologiyalar insanları bir-birinə yaxınlaşdırdığı qədər, onların real həyatda ünsiyyətinə və münasibətlərinə necə təsir göstərdiyi də müzakirə mövzusudur.

Sosial medianın insanların gündəlik ünsiyyətinə necə təsir edir? Virtual ünsiyyətin real ünsiyyəti əvəz etməsi hansı sosial problemlərə yol aça bilər?

Bu barədə Ajans.az-a açıqlama verən sosioloq Naib Niftəliyev sosial media gündəlik ünsiyyətə əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, bu gün insanlar getdikcə daha çox vaxtlarını sosial mediada keçirir və əksəriyyətinin əlində daim smartfon olur: “Onlar müxtəlif sosial platformaları fasiləsiz izləyirlər. Bu, artıq dövrümüzün reallığıdır. Virtuallıqla reallıq arasındakı sərhəd müəyyən mənada itib və bu sərhədin aradan qalxması sosial texnologiyaların inkişafının yaratdığı qanunauyğunluqlardan biridir. Digər tərəfdən, sosial mediadan asılılıq problemli bir vəziyyət kimi diqqət çəkir və ayrıca tədqiq olunmalı məsələdir. Düşünürəm ki, bu istiqamətdə aparılan tədqiqatlar nə qədər ciddi olsa da, onlar bir tərəfdən qanunauyğunluqları üzə çıxarsa da, digər tərəfdən insanları müəyyən mənada həmin mediadan daha da asılı vəziyyətə gətirə bilir. Çünki insanlar bu mexanizmləri və prosesləri öyrəndikcə, tədqiqatların nəticələri ilə yaxından tanış olduqca yeni alternativlər tapır və sosial mediaya daha çox bağlanırlar. Belə bir vəziyyətdə ünsiyyətin ənənəvi formaları, eləcə də təhsil və tədrisin klassik üsulları yeni sistemlərə daha çox inteqrasiya olunmalıdır. Sosial medianın insanların həyatına təsirini müəyyən qədər azaltmaq, sağlam düşüncəni, sağlam davranışı və fərdi təşəbbüsləri qorumaq üçün insanlara həm gündəlik fəal vərdişlər, həm də praktik davranış normaları daha əhatəli şəkildə aşılanmalıdır. Məsələn, universitetlərdə dərs zamanı tələbələrin smartfon istifadəsinə müəyyən məhdudiyyətlərin qoyulması, hətta zəruri hallarda telefonların müvəqqəti olaraq toplanması bu problemin həllinə müəyyən töhfə verə bilər. Eyni zamanda müxtəlif platformalarda istifadəyə dair bəzi məhdudiyyətlərin tətbiqi, ailə və məktəb daxilində xüsusi şəbəkələrin və ya intranet sistemlərinin yaradılması, ailə, məktəb və mənəvi-etik dəyərlərin möhkəmləndirilməsi baxımından yeni imkanlar yarada bilər”.

N.Niftəliyev əlavə edib ki, sosial mediadan ağıllı şəkildə istifadə edildikdə o, yalnız fayda verir: “Asılılıq isə o zaman yaranır ki, insanlar mediada gördükləri hər bir məlumatı və faktı fərqinə varmadan reallıq kimi qəbul etməyə başlayırlar. Ümumiyyətlə, insanların əksəriyyəti düşünməkdən daha çox hazır düşüncə məhsullarını əldə etməyə çalışır. Buna görə də düşünən insanlar üçün ağıllı texnologiyalar faydalı vasitədir, lakin hər kəs onlardan düşüncəli şəkildə istifadə etməyi bacarmır. İctimai rəyi və ictimai qınağı öyrənərkən bu məsələ xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Çünki sosial medianın əsas funksiyalarından biri məlumatlandırmaq və maarifləndirməklə yanaşı, ictimai rəy və ictimai qınaq formalaşdırmaqdır. Bu baxımdan medianın ictimai rəyə, ictimai rəyin isə sosial proseslərə, sosial hadisələrə, sosial davranışa və sosial fəaliyyətə təsirini araşdırarkən bu meyarlar ön plana çəkilməlidir. Nəzərə almaq lazımdır ki, sosial media insanın yaratdığı platformadır. Burada baş verən proseslər də müəyyən mənada subyektiv xarakter daşıyır və insan fəaliyyətinin məhsuludur. Əgər obyektivlik meyarlarına riayət etmək istəyiriksə, dəyişməyən, sabit qalan və insan davranışından asılı olmayan məqamları ön plana çıxarmalıyıq. Bu prinsiplər sonradan tənzimləmə, idarəetmə və sosial nəzarət mexanizmlərinə çevrilməlidir. Bu istiqamətdə də müxtəlif yanaşmalar mövcuddur. Hər bir tədqiqatçı öz kəşfinin və ya təklif etdiyi modelin dəyərini yalnız onun əhəmiyyəti cəmiyyət tərəfindən qəbul olunduğu zaman ortaya qoya bilir. Buna görə də həll modellərinin formalaşdırılması üçün dövlət, cəmiyyət və müxtəlif inteqrativ strukturlar birgə fəaliyyət göstərməli, alternativ həll yolları paralel şəkildə hazırlanmalıdır. Sosial medianın rolunu həddindən artıq şişirtmək də doğru deyil, onu kiçiltmək də yanlışdır. Digər tərəfdən, sosial mediadan asılılıq tamamilə fərdi patologiya deyil, müəyyən mənada məqsədli şəkildə formalaşdırılmış bir prosesdir. Bu prosesi idarə etmək mümkündür və buna qadirik. Sadəcə, idarəetmə meyarları və platformaların fəaliyyət prinsipləri insan davranışlarına uyğun şəkildə optimallaşdırılmalı və modelləşdirilməlidir”.

Fidan Hacızadə

Mövzular:
ekspert sosial media reallıq

Digər Xəbərlər