Yaxın Şərqdə müharibə bu tarixdə BİTƏCƏK…
Yaxın Şərqdə davam edən münaqişə ərəb ölkələrinin iqtisadiyyatına ağır zərbə vurur. Region ölkələri iqtisadi artım baxımından milyardlarla dollar itkiyə məruz qalır. Hətta işsizlik və yoxsulluq səviyyəsinin artması da gözləniləndir.
Bəs müharibə nə vaxt bitəcək?
Məsələ ilə bağlı politoloq, Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Ajans.az-a açıqlama verib.
O bildirib ki, hazırkı münaqişədə ən çox zərər görən tərəflər ilk növbədə birbaşa hərbi əməliyyatların getdiyi ölkələrdir. İran ciddi hərbi zərbələrə, iqtisadi sanksiyalara və daxili təzyiqlərə məruz qalır. İsrail isə raket hücumları, təhlükəsizlik riskləri və iqtisadi aktivliyin zəifləməsi ilə üzləşir. Bununla yanaşı, Körfəz regionu ölkələri – xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ – birbaşa müharibə tərəfi olmasalar da, enerji infrastrukturu və təhlükəsizlik baxımından ciddi risk altındadırlar.
Münaqişənin təsiri yalnız regionla məhdudlaşmır; qlobal enerji bazarları və iqtisadi sabitlik də bu vəziyyətdən mənfi təsirlənir.

Ekspert açıqlayıb ki, müharibənin nə zaman bitəcəyi ilə bağlı konkret və qəti proqnoz vermək çətindir. Mövcud dinamika göstərir ki, tərəflər hələ də strateji məqsədlərindən geri çəkilməyiblər. Bu isə münaqişənin qısa müddətdə tam başa çatmasını çətinləşdirir. Ən real ehtimal ondan ibarətdir ki, aktiv döyüş mərhələsi müəyyən müddətdən sonra zəifləsə də, qarşıdurma “sürünən müharibə” formasında davam edə bilər.
Onun sözlərinə görə, müharibənin başa çatması üçün bir neçə əsas şərt formalaşmalıdır. Ən vacib faktor siyasi razılaşmadır. İran təhlükəsizlik zəmanəti və rejimin qorunmasını prioritet hesab edir, ABŞ və İsrail isə İranın hərbi və xüsusilə nüvə potensialının məhdudlaşdırılmasını tələb edir. Bu maraqlar arasında balans tapılmadan davamlı sülh mümkün deyil. Digər mühüm məsələ enerji təhlükəsizliyidir. Hörmüz boğazı üzərindən qlobal enerji axını risk altındadır və bu, böyük gücləri münaqişənin dayandırılması istiqamətində daha aktiv addımlar atmağa məcbur edir. Bundan əlavə, münaqişənin regiona yayılmasının qarşısının alınması da vacib şərtlərdən biridir.
Hazırkı mərhələdə hərbi baxımdan üstünlük daha çox ABŞ və İsrail tərəfindədir. Onlar texnoloji imkanlar, hava üstünlüyü və koordinasiyalı əməliyyat qabiliyyətinə malikdirlər. Lakin strateji baxımdan vəziyyət daha mürəkkəbdir. İran tam zəifləməyib və asimmetrik imkanları – xüsusilə proksi qüvvələr və enerji marşrutlarına təsir imkanları – ona müəyyən üstünlüklər qazandırır. Bu səbəbdən mövcud üstünlük uzunmüddətli perspektivdə dəyişə bilər və münaqişənin nəticəsi əvvəlcədən tam müəyyən edilə bilməz.